Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Qalxanabənzər vəzin çoxdüyünlü ur (zob) diaqnozu ilə daxil olan xəstə uğurla əməliyyat olunub. Bu xəstədə səs maşınının müşayiətilə "Total tiroidektomiya" əməliyyatı uğurla icra edilib.
Medicina.az xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının endokrinoloq cərrahı, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətovun sözlərinə görə 35 yaşlı xəstədə qalxanabənzər vəzin hər iki payında orta və böyük ölçülü düyünlər olub.
Nəticədə xəstədə boğulma və təngnəfəslik əlamətləri müşahidə edilib: Belə şikayətləri olan xəstədə isə cərrahi əməliyyat göstərişdir. Çox düyünlü zob zamanı xəstəni biopsiya etmək çətin olur. Bu zaman ən doğru seçim cərrahi əməliyyatdır. Düyünlər 3 santimetrdən böyük olarsa və xəstəyə boğulma verərsə, bu halda əməliyyat olunmalıdır.
Qalxanvari vəzin arxa səddində "qayıdan qırtlaq” siniri yerləşir. Bu sinir səs və səs tellərinə nəzarət edən sinirdir. Əməliyyat zamanı 1 faiz də olsa, bu sinirin zədələnmə ehtimalı var. Odur ki, bu əməliyyatda yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında yerləşən səs cihazından istifadə məsləhət olunub.
1 saat 20 dəqiqə davam edən əməliyyatda sinirə zədə yetirmədən düyünlər götürülüb.