Ziyil dəridə HPV virusunun əmələ gətirdiyi xoşxassəli şişdir və dərinin bütün nahiyələrində əmələ gələ bilər, əvvəlcə nöqtə boyda olur və tədricən böyüyür. Ən çox 10-20 yaşarası təsadüf edilir və həmin yaşda olanların 10 faizində ziyil əmələ gəlir.
Virusun dərinin dərin təbəqələrinə keçməsi travmalar nəticəsində mümkün olur. Ona görə də ziyil əsasən təzyiqə məruz qalan və qaşınan yerlərdə çıxır. Həddindən artıq manikür və dırnaq yemək ziyilin əmələ gəlməsini asanlaşdırır. Ayaq ziyilləri əsasən hamam və hovuzda yoluxur.
Böyük bir soğanın ortası oyularaq duz tökülür, duz əriyəndən sonra həmin mayedən götürülərək gündə bir neçə dəfə ziyilin üstünə sürtülür.
Yetişməmiş əncirdən çıxan süd ziyilin üzərinə sürtülür, cavan qoz ağacı yarpağı bişirilərək onun üzərinə bağlanır, yaxud gicitkən yarpağı balla qarışdırılaraq təpitmə qoyulur.
Əhəng sirkə ilə qarışdırılaraq ziyilə sürtülür və onu yandırıb aradan çıxarır.
Gündə 2-3 dəfə zəncirotu və kartof, gecə yatmazdan əvvəl dəmrovotu şirəsi sürtülür. Prosedur ziyil tam quruyub düşənə qədər davam etdirilir.
Yatmazdan əvvəl 4-5 gün yovşanın təzə dərilmiş yarpaqları və ya sürtgəcdən keçirilmiş soğanla təpitmə qoyulur.
Sulanmış ziyilə gündə 3-4 dəfə naşatır spirti və ya qıtıqotu ilə çay sodası bərabər nisbətdə isladılaraq təpitmə qoyulur.
Ziyil ayaq pəncəsinin altında olanda ləyəndə 5 litr isti suyun üzərinə 2 xörək qaşığı çay sodası tökülür, ayaqlar 10 dəqiqə suyun içində saxlanır. Məhlulun soyumaması üçün vaxtaşırı ləyənə qaynar su əlavə edilir. Sonra buynuzlaşmış ziyil dabandaşı ilə sürtülür. Daha sonra ziyilin üstünə 1 tikə təzə mal əti qoyulur, isladılmış kağız salfetlə bükülərək üstü sellofanla örtülür, açılmaması üçün yapışqanlı parça ilə bağlanır. Su ilə islanmaqdan qorunur və 3 gün sonra açılır. Gigiyenik qaydalara əməl etmək üçün antiseptik təsirə malik bitkilərlə vanna qəbul edilir. (Azərtac)