Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəncəfili təkcə ədviyyat kimi istifadə etməyin! - Dietoloq tövsiyəsi

  • 2024.02.24 12:40
  • 1340 Baxış
Zəncəfili təkcə ədviyyat kimi istifadə etməyin! - Dietoloq tövsiyəsi
Zəncəfil sağlamlıqla bağlı bir çox məsələdə bədənimizin dostudur.

Medicina.az xəbər verir ki, dietoloq Ferdi Öztürk zəncəfilin faydalarından bəhs edib və zəncəfil çayı reseptini paylaşıb.

Zəncəfilin bütün dünyada geniş istifadə edilən ənənəvi dərman bitkisi olduğunu diqqətə çatdıran dietoloq onu təkcə yeməklərdə ədviyyat kimi istfadə etməklə kifayətlənməməyi tövsiyə edib.

“Tərkibində aktiv maddələr var. Alman Federal İnstitutunun fitoterapiya və bitki mənşəli məhsullar üzrə komissiyası həzmsizlik üçün zəncəfil kökünü tövsiyə edir.

Klinik tədqiqatlarda bu bitkinin dəniz və yol tutması, başgicəllənmə, ürəkbulanma və qusma ilə bağlı təsiri aşkarlanıb.

Son illərdə aparılan farmakoloji tədqiqatlar göstərdi ki, zəncəfil ekstraktı pis xolesterin səviyyələrini əhəmiyyətli dərəcədə azaldır. Siçovullar üzərində aparılan digər bir araşdırmada zəncəfilin askorpik turşuya (vitamin C) yaxın antioksidant aktivliyə malik olduğu anlaşıldı. Standartlaşdırılmış zəncəfil ekstraktı oynaq ağrılarını əhəmiyyətli dərəcədə azaldır”, - deyə dietoloq qeyd edib.

O, zəncəfilin dəri üçün də faydalarından bəhs edib:

“Zəncəfil yağı havanı mikroblardan təmizləməyə kömək edir. Saçların gözəlliyini qoruduğu; dəridə qaşınma, qızartı kimi problemlərin aradan qaldırılmasına kömək etdiyinə dair məlumatlar tibb kitablarında da yer alır”.

Ferdi Öztürk zəncəfilin bağırsaq florasına müsbət təsirini və qan şəkərini tənzimləməsini əsas gətirərək arıqlamaq istəyənlərin pəhriz zamanı onun tozundan və ya kökündən istifadə etməyi məsləhət görüb.

“Zəncəfilin hər hansı əks təsiri və ya zərəri varmı?” sualını dietoloq belə cavablandırıb:

“Zəncəfilin yüksək həssaslıq reaksiyası nəticəsində dermatitə (dəri iltihabına) səbəb olduğu, çox yüksək dozada qəbul edildikdə isə sinir sistemini pozduğu, depressiyasa və ürək aritmiyasına gətirib çıxardığı bildirilir. Bu günə qədər normal dozalarda istifadə edildikdə ciddi əks təsirlər müəyyən edilməyib”.

Dietoloqun sözlərinə görə, zəncəfilin müxtəlif versiyalarından yararlanmaq mümkündür:

“Bazarda 100-1000 mq arasında müxtəlif kapsullar, çeynənən tabletlər (67,5 mq) var. Həmçinin zəncəfil yağı (100%) və çayı da satılır. Daha çox toz və ya kök halından istifadə olunur. 2 qram toz zəncəfil 10 qram təzə zəncəfilə bərabərdir”.

Ferdi Öztürk sonda zəncəfil çayı dəmləməyin doğru üsulunu da izah edib:

“Sərçə barmağınızın ucu böyüklüyündə rəndələnmiş zəncəfil kökünü 10 dəqiqə qaynar suda dəmləyərək zəncəfil çayını hazırlaya bilərsiniz. Gündə 1 və ya 2 stəkan içmək olar. Xalq arasında zəncəfil çayı daha çox bal ilə içilir”.


Gül