Son zamanlar zəli ilə müalicə üsuluna müraciət edənlərin sayı artıb. Bir dəfə zəli qoydurmağa öyrəşib, faydasını görənlər, sonradan ən adi hallarda belə (məs: başağrısı, təzyiq oynaması və s.) bu üsula müraciət edirlər.
Bəs zəli qoydurmaq təhlükəlidirmi?
Yaxud zəlini özbaşına, həkim göstərişi olmadan, ev şəraitində qoydurmaq düzgündürmü?
Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən manualist və fitoterapevt Ramiz Cəllulayev bildirib ki, zəli insan orqanizmi üçün çox faydalıdır. Onun sözlərinə görə, zəli qoydurduqdan sonra qan durulur, maddələr mübadiləsi yaxşılaşır. Lakin mütəxəssis özbaşına qoyulan zəlilərin fəsadlara yol aça biləcəyini xüsusi vurğulayıb:
"Zəli faydalıdır. Lakin özbaşına qoydurmaq fəsadlar törədə bilər. Məsələn, bəzi pasiyentlər tromblarda istədikləri ağrı olan nahiyəyə zəli qoyurlar, amma düşünmürlər ki, digər yerlərdəki tromblar qopub gedib fəsad verə bilər. Bəziləri deyir ki, zəlinin yerindən qan axmalıdır, özü dayanmalıdır. Bu, absurd bir şeydir. Düzgün deyil. Bir sutkaya əgər 2 litr qan itirilirsə, bu, bilirsinizmi nə deməkdir!? Bunun axırı ölüm də ola bilər. Bunların hamısını nəzərə almaq lazımdır. Zəli qoyarkən ehtiyatlı olmaq lazımdır. Nəyə görə zəli qoyulur, hansı nahiyəyə qoyulmalıdır – bunları bilmək vacibdir.
Adətən tibb bacıları, masajçılar zəli qoyurlar, amma yenə də həkim rəyi olmalıdır. Həkim rəyi olmadan bu, çətin məsələdir. Vücudda zəli qoyulacaq nöqtələri bilmək mütləqdir. Zəlidən sonra diqqət edilməlidir. Pasiyent gözləməlidir ki qanaxması olmasın. Qan dayandıqdan sonra pasiyent yola salınmalıdır”.
Mütəxəssis zəlidən istifadədən öncə mütləq müəyyən analizlərin verilməli olduğunu deyib:
"Ən azından şəkər, laxtalanma və qanın ümumi analizi mütləq verilməlidir ki, biz bilək bu xəstəyə zəli qoymaq olar, ya olmaz. Çünki elə xəstəlik ortaya çıxa bilər ki, həmin xəstəyə zəli qoymaq düzgün olmaz. Bu zaman xəstə aidiyyəti üzrə mütəxəssisə yönləndirilməlidir ki, xəstəliyi ilə bağlı rəy versin”.
R. Cəlullayev əlavə edib ki, qanazlığı olan adama da zəli qoydurmaq olmaz: "Belələri üçün zəli əks göstərişdir. Çünki xəstənin halı pisləşəcək.
Bundan başqa, zəlinin yerindən qan axdıqdan sonra bağlanmalıdır ki, qanaxma verməsin. Eyni zamanda bəzi hallarda zəliyə qarşı allergiyalı insanlar olur. Birinci seansda bu, özünü biruzə verir. Bədən zəli qoyduqdan sonra səpməyə başlayır.
Bədxassəli şişlərdə, şəkərli diabet olan insanlara da zəli qoymaq olmaz”.
Həkim zəlidən istifadə zamanı diqqət yetiriləcək məqamlara da toxunub:
"Zəlini götürdükdən sonra bəziləri həmin nahiyəni qaşıyır. Qaşımaq olmaz. Sakitləşmək lazımdır. Bunun üçün sakitləşdirici dərman da içmək mümkündür. Daxilən insanın özünü sakitləşdirməyi daha məsləhət olunur”.
Zəlinin növlərinin çox olduğunu deyən fitoterapevt, bir zəlidən ikinci dəfə istifadə etməyin doğru olmadığını bildirib. Onun sözlərinə görə, zəli yalnız bircə dəfə istifadə edilməlidir.
Bəs pasiyent üçün bu prosedura kim qərar verməlidir?
"Buna bütün həkimlər qərar verə bilər. Ginekoloji problemlərdə ginekoloq, ürək, qan-damar xəstəliklərində kardioloq, nevropotoloq, uroloq və s. Yenə də zəli qoyan şəxs xəstəyə baxaraq qərar verməlidir. Mütəxəssilər və həkimlərlə kompleks şəkildə zəliyə qərar vermək mütləqdir”,-deyə mütəxəssis vurğulayıb.
Şəhanə Quliyeva
Zəlidən sira qanaxma dayanmır Neynəmək olar?
Demoteks şişlərini zəli ile mualice etmek olarmı?
babasili zeli ile sagaltmaq olar?
Dizlere zeli qoymaq olarmi
İfadəmə görə üzr istəyirəm qadında uşaqlığa zəli qoymaq düzgündürmü?
Elçin kimiyəm zeli qoymaq isdiyirem
Mən AQİR FORMADA Şəkərli diabet XESTESİYEM və Ürəyimdə Tromb var zəli qoydura bileremmi