Havaların istiləşməsindən sonra qida zəhərlənməsi hallarında artım müşahidə olunur
Medicina.az xəbər verir ki, mütəxəssislər qida zəhərlənməsinin əlamətlərinə diqqətli yanaşmaq lazım olduğunu bildirirlər.
Dietoloq Gültaç Çamır qida zəhərlənməsinə səbəb olan dörd növ bakteriya olduğunu diqqətə çatdırıb. Bunlardan birincisi ən çox yayılmış bakteriya növü olan "stafilokokklar"dır.
Bu bakteriyanın ət, süd, süd məhsulları və yaxşı yuyulmamış məhsullardan hazırlanan salatlarda meydana gəldiyini bildirən dietoloq zəhərlənmə əlamətlərinin bakterial qida qəbulundan 2-3 saat sonra başladığını və orqanizmdə qusma reaksiyasının müşahidə edildiyini bildirib.
O, ət, süd və salatdan qaynaqlanan qida zəhərlənmələrində ən çox görülən başqa bir bakteriya növünün də “shigella” olduğunu söyləyərək, bu bakteriyanın törətdiyi zəhərlənmələrdə simptomların müddətinin bir və ya iki gün olduğunu bildirib.
"Bu bakteriya ürəkbulanma, qusma, qızdırma, kramplar, qarın ağrısı və nəcisdə qan kimi simptomlarla özünü göstərir”, - deyə dietoloq qeyd edib.
Ən ağır və ölümcül qida zəhərlənməsinə səbəb olan bakteriyalardan biri də “clostridium botilinum”dur. Bu bakteriya konservləşdirilmiş qidalarda, ət, tərəvəz və meyvələrdə ola bilir.
"Adı çəkilən bakteriya iflic edə, nəfəs almağa mane ola və ölümə gətirib çıxara bilər”, - deyən dietoloq qida zəhərlənməsindən qorunmağın yollarını isə belə izah edib:
“Əvvəla, necə və haradan gəldiyi məlum olmayan əti sadəcə qiyməti aşağı olduğu üçün almaq olmaz. Yoxlanılmamış və piştaxtalarda açıq şəkildə satılan məhsullar alınmamalıdır. Etibarlı markaların qablaşdırılmış məhsulları alınmalıdır. Qablaşdırılmış məhsulları alarkən paketin zədələnmədiyinə diqqət yetirin. Etiketləri oxumağı vərdiş halına gətirin. Məhsulun üzərində yazılmış istehsal və son istifadə tarixlərini yoxlayın. Heyvanlardan keçə biləcək xəstəliklərə görə çiy süd istehlak etməyin”.
Aysel