Bu halı Yer üzü əhalisinin 60%- i ömrü boyu ən azı bir və daha çox yaşayıb.
Bəzən yaşadığını doğmalarına belə deməyib, sirr kimi saxlayıb.
Qədimdən loğmanların, din xadimlərinin də diqqətində olan bu sindrom tibbdə də araşdırılıb. Düzdür səbəbi dəqiq deyil və müalicəsi də yoxdur. Tibbdə bu hala " Yuxu iflici” deyilir.
Medicina.az tibbi izahı olan bu sindromu araşdırıb, həkim açıqlaması əldə edib.
Təsəvvür edin, rahat yatmısız, gecə yarı qəfildən oyanırsız və hiss edirsiz ki, bədəninizin heç bir üzvünü, heç barmaqlarınızı belə tərpədə bilmirsiz.
Qaranlıq, səssizlik, yanınızda yatan varsa, o da bundan xəbərsiz. Bu zaman sizə elə gəlir ki, sinənizin üstündə və ya yanınızda, böyrü üstə yatmısızsa, kürəyinizin arxasında qəribə bir varlıq dayanıb. Onun nəfəsini aydın hiss edirsiz.
Qorxudan qışqırıb köməyə çağırmaq istəyirsiz, amma nə qədər güc gəlsəz də səsiniz çıxmır. Boğazınız da iflicdir. Siz həm varsız, həm də yox. Elə bilirsən öləcəksən. Sondur. Ya da bu dəqiqə qorxulu varlıq səni boğacaq. Təslim olursan və ... 1 dəqiqə sonra ayaq barmaqlarından başlayaraq bədənin hərəkətə gəldiyini hiss edirsən. Getdikcə bütün bədənin açılır.
Çox adam sonradan yatır, çoxu isə gözünü qaranlığa dikib qalır və bir neçə gün bu qorxunun təsirindən çıxmır.
Məhz bu hala tibbdə " Yuxu iflici” deyilir və insan sağlamlığı üçün həyati təhlükəli deyil.
Yuxuda bədənin hərəkətsiz, yəni iflic hala gəlməsi 2 cür olur: hipnoqogik. Bu zaman insan yuxuya gedəndə əzələləri tədricən boşalır, orqanizm yuxu rejiminə keçir, amma birdən yuxuya getməkdə olan şüur geri qayıdır, ayılır və bədənin yuxudakı vəziyyətini hiss edərək bundan panikaya düşür.
İkinci tip Hipnopompik – yuxudan oyananda olur. Dərin yuxu fazasında əzələ tonusu çox aşağı olur. Sürətli yuxu fazasında isə bədən maksimum boşalır, belə deyək sönür, beyinin nəzarətindən çıxır, beyin aktivliyi isə əksinə artır. əgər bu mərhələdə şüur geri qayıdıb insan oyanırsa, beyinin bədənə, əzələlərə siqnal ötürən hissəsi hələ yatmış olur.
Onun özünə gəlib, insana tabe olması üçün 1-2 dəqiqə lazımdır. Beləcə insan şüuru özündədir, ətrafı görür, eşidir, amma bədəni hərəkət etdirə bilmir. O, daxilən çırpınır, amma bir barmağı belə tərpənmir. Cəmi 1-2 dəqiqə gözləmək ona əbədi əzab kimi gəlir.
İnsan şüuru ilə bədəni arasında təbii olaraq yaranmış bu disbalansın tibbi izahı var, amma hər insan bu izahı bilmədiyi üçün kabusa təslim olur.
Nə zaman belə hal yaşana bilər, təkanverici səbəblər nədir. Həkim nevroloq Babək Aslanov səbəblərin çox olduğunu bildirdi.
-Yuxu rejimi, istirahət və gümrahlıq dövrünün nizamlanmaması, yuxudan doymamaq, yuxu rejiminin dəyişməsi, gecə yatmayıb, gündüz yatmaq
-Xroniki psixoemosional streslər
-Antidepressant, trankvilizator, psixotrop dərmanların qəbulu
-Nikotin, alkoqol, narkotika, zəhərlənmə
-Narahat ayaqlar sindromu
-Kürəyi, arxası üstə yatmaq – böyrü üstdə yatanda yuxu iflici nadir halda olur
-Genetik səbəblər
Bəzi nevroloji xəstəliklər də yuxu iflicinə səbəb olur:
-Narkolepsiya
-Somnabulizm
-Biopolyar pozğunluq
-Nevrozlar
Necə mübarizə aparmalı?
Əgər bu hal baş verirsə, elə hərəkətsiz qalın. Əgər güclə hərəkət etməyə cəhd etsəz, bu bədənə və beyinə təsiri artırıb, neqativ hisslər verəcək
Özünüzü rahat buraxın, nəfəs alıb verin, saymağa başlayın. Sadəcə sonra, davamında nə olacağını izləyin. Sonda bilirsiz ki, bu yalançı sindromdur və bədən özünə gələcək.
Ayaq barmaqlarına diqqətini cəmlə. İlk olaraq onlar tərpənməlidir.
Əllərini yumruq kimi büküb sıx. Bu zaman beyindən bədənə oyan əmri tez gələcək.
Bədənin tam açılması 1-2 dəqiqə vaxtını alacaq. Fikir verməsən yenidən elə o halda yuxuya davam edəcəksən. Yox sona kimi gözləyib, tam bədən açılandan sonra yerindən qalxacaqsan.
Çox qorxmusuzsa, su için. Başınıza gələnin adi, normal, anatomik, fizioloji bir hal olduğunu qəbul edin.
Nəyə görə gözümüzə hansısa varlıq, kölgə görünür?
Əslində sakit qalsaz, gözünüzə heç nə görünməyəcək. Panik dəhşətdən, vəhşət hissindən qallüsinasiyalar görməyə başlayırsız. Döş qəfəsinin iflici sanki sinənizdə kiminsə oturduğunu aşılayır.
Məsələnin parapsixoloji və dini izahı:
Bu halı yaşayan insanların çoxu mənsub olduqları dinə məxsus dua, zikr, Allahın adını çəkdikdən sonra onları boğan varlığın əl çəkdiyini və bədən iflicinin aradan qalxdığını bildirirlər.
Əslində insanın inancı onu sakitləşdirir.
Digər bir izah isə, insan yuxuda ikən kiçik ölüm halı yaşayır. Yəni bədən cansızlaşır. Ruh, şüur digər aləmlərdə olur, yuxu görür. Hər hansı səbəbdən ruh qəfildən, lazım olmayan vaxtda bədənə qayıtdıqda bədənin oyanması prosesi gecikir. Ruh ayaqlardan daxil olduğu üçün ilk öncə ayaq barmaqlarının hissiyatı qayıdır. Bir sözlə, məhz bu anda insan ruhunun ayrı, bədənin ayrı olduğunu dərk edir.
Din xadimləri bu haldan qorxmamağı, gözə görünən varlıqların insana zərər vermək gücündə olmadığına inanmağı məsləhət görür. Bildiyiniz duanı oxuyun və ya Allahın adını çəkin, həmin qüvvəyə isə əmr edin.
Dini inanclara görə bu hallar çiləli qadınlarda, yaxınlarda əzizini itirərək stres keçirmiş adamlarda, zərərli əməllərlə məşğul olanlarda, uşaqlarda, qorxu keçirən insanlarda, ağır neqativli, uzaq yerdə ilk dəfə gecəyələn insanda, yatağını dəyişən insanda daha çox baş verir.