Noxud bitki mənşəli zülal mənbəyi kimi tanınır. Mühüm paxlalı bitkilərdən biri olan noxud bir çox mədəniyyətlərdə əsas qida maddələrindən biridir.
Bəs noxudun suyunun hətta yumurtanı da əvəz edəcək qədər faydalı olduğunu bilirdinizmi?
Medicina.az bildirir ki, bir böyük yumurtanı əvəzləmək üçün 3 xörək qaşığı noxud suyu kifayətdir.
Lakin noxud suyunun yararlı xüsusiyyəti bununla məhdudlaşmır.
Noxudun suyu “aquafaba” adlanır. Noxud suyu 2015-ci ildən istifadə olunmağa başlanılıb. Həmin vaxtlar daha çox heyvan mənşəli məhsullar yeməyən vegeterianlar tərəfindən üstünlük verilirdi. Ancaq faydalı xüsusiyyətlərinə görə bir çox insan tərəfindən sevildi.
Prof. Dr. Vedat Göral noxud suyunun yararlarını belə izah edib:
“Noxud suyu yumurta allergiyası olan insanlar üçün əla alternativdir. Yemək reseptlərində yumurta yerinə noxud suyu istifadə edilə bilər. Allergensiz yemək və çörək reseptlərində noxud suyu yumurtanı əvəz edir. Həmçinin, kokteyllərdə yumurta ağının əvəzinə, südsüz lattelər üçün köpük kimi və bəzi reseptlərdə süd və ya yağa alternativ olaraq istifadə edilə bilər".
Vedat Göral qeyd edib ki, noxud suyunun tərkibində B vitamini, dəmir və faydalı yağlar var:
“Noxudu isladarkən və ya qaynadarkən bəzi qida maddələri suya keçir. Bu su B vitamini, folat, dəmir, fosfor, linoleik və olein turşuları ilə zəngindir. Noxud suyunu evdə asanlıqla əldə edə bilərsiniz. Noxudu gecədən isladın, səhər suyunu süzün. Noxud suyunun dadı neytraldır. İdmançıların məşqdən sonra yeməsi üçün ideal qidadır”.
Professor əlavə edib ki, noxud suyu xərçəng əleyhinə əhəmiyyətli xüsusiyyətlərə malikdir və ümumi olaraq sağlamlığı yaxşılaşdırır:
“Aparılan araşdırmalar noxud suyunun kolorektal xərçəng deyilən kolon və düz bağırsaq xərçənginə qarşı təsirli olduğunu göstərib”.
Aysel