Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoxsulluq içində dünyasını dəyişən azərbaycanlı məşhurlar - Dəhşətli SİYAHI

  • 2022.12.02 15:27
  • 4895 Baxış
Yoxsulluq içində dünyasını dəyişən azərbaycanlı məşhurlar  - Dəhşətli SİYAHI

Səhnə, şöhrət cəlbedici olsa da, mütləq bir bədəli vardır. Kimisi bu bədəli həyatı ilə, kimisi şan-şöhrətini itirməklə, kimisi də bu dünyadan səssiz-sədasız, kimsəsiz və ehtiyac içində köçməklə ödəyir.

Bir vaxtlar şöhrətin zirvəsində olan sənətçilərin, milyonçu varislərinin necə ehtiyac içində həyatdan köçdüklərinin tez-tez şahidi oluruq. Hər birinin həyatı bir roman, film mövzusudur.

Bakupost.az zamanında şöhrəti dillər dastanı olan, əli pul ilə oynayan, amma yoxsulluq və ehtiyac içində dünyadan köçən azərbaycanlı məşhurları təqdim edir.



Uzun illər gözəlliyi və sənəti ilə şöhrətin zirvəsində olan Xalq artisti Safura İbrahimova ömrünün son illərini tənha və gözlərdən uzaq yaşadı. Olduqca keşməkeşli həyatı olan sənətkar xoşbəxtliyi sənətdə tapsa da, bu, əbədi olmur. 36 yaşında ailə quran sənətkar bu ailəni cəmi 5 il qoruyub saxlaya bilir. Övladı olmadığı üçün ailə dağılır. Ömrünün geri qalan hissəsini sənətə həsr edir. Teatrdan uzaqlaşdıqdan sonra qapalı həyat tərzi sürən Safura İbrahimova 2020-ci ildə tənha yaşadığı evdə kimsəsiz dünyasını dəyişir.



“Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Yuxu”, “Bala başa bəla”, “Fransız”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Sahilsiz gecə”, “Yerlə göy arasında”, “Milli bomba” kimi məşhur filmlərlə yaddaşlara yazılan Xalq artisti Nuriyyə Əhmədova da ömrünü ehtiyac içində başa vuran sənətkarlardandır. Özünün də dediyi kimi o, “sənətdə xoşbəxt, həyatda ən bədbəxt aktrisadır”. İki övladını faciəli şəkildə itirən aktrisa yaşadığı psixoloji gərginlik, maddi problemlər üzündən həyat yoldaşından ayrılır. Bir neçə dəfə müsahibələrində dövlətdən birotaqlı ev istəsə də, verilmir. Ömrünün sonuna kimi rəfiqələrinin evində yaşamalı olur. Elə rəfiqələrindən birinin evində də vəfat edir.



47-dən çox filmdə, 20-dən çox tamaşada bir-birindən uğurlu obrazlara imza atan Xalq artisti Zərnigar Atakişiyevanın səhnə həyatı parlaq olsa da, şəxsi həyatı o qədər də parlaq olmayıb. Sevdiyi adamla sənəti arasında qalan aktrisa sənəti seçsə də, sənətin gətirdiyi şöhrət onu xoşbəxt etmir. Heç vaxt ailə həyatı qurmayan sənətkar ömrünün son illərini xəstəliklə mübarizə apararaq keçirir. Ömrü boyu təklikdən qorxan, uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Xalq artisti 2018- ci il fevralın 8-də ürək çatışmazlığından yaşadığı evdə tək-tənha vəfat edir və onun cəsədi yalnız ölümündən 3 gün sonra tapılır.


"Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edən Əməkdar artist Məcnun Hacıbəyov da ömrünün son illərini gözlərdən uzaqda yaşayaraq dünyadan köçür. Qubanın Nügədi kəndinə çəkilən sənətkar 16 noyabr 2021-ci ildə 86 yaşında Covid-19 xəstəliyindən vəfat edib.



"Üzeyir ömrü" filmində Üzeyirin anası, "Qayınana" filmində Sevda, "Şir evdən getdi" filmində Şəfiqə müəllimə, "Sevinc buxtası”nda Leyla kimi yaddaqalan obrazlar yaradan aktrisa Tanilə Əhmərovanın da taleyi nakam olub. Bir vaxtlar sənətdə parlasa da, son illərdə onu heç kim filmlərə dəvət etmir və bu vəziyyət aktrisanın həyatına ciddi təsir göstərir. Maddi və mənəvi sıxıntılar üzündən uzun müddət evinə qapanıb heç kəslə görüşmür. İki dəfə insult keçirən aktrisanın maddi vəziyyəti gün-gündən ağırlaşır. Mətbuat dəfələrlə müvafiq qurumları aktrisaya kömək etməyə çağırsa da, bu çağırışlar cavabsız qalır və aktrisa 2015-ci ildə ehtiyac içində dünyasını dəyişir.


Azərbaycan teatr sənətinin tanınmış simalarından olan Hüseynağa Atakişiyevə də sənət və şöhrət sona qədər yar ola bilməyib. Üç dəfə ailə həyatı quran sənətkarın heç bir evlilikdə bəxti gətirmir. Ömrünün son illərini maddi sıxıntı içində keçirən akltyor xəstə olanda belə onun müalicəsi üçün pul toplayan olmur və 2006-cı ildə rejissor ehtiyac içində dünyasını dəyişir. Son mənzilə kirayə yaşadığı evdən yola salınır.


"Arşın mal alan" bədii filmində (ikinci çəkilişdə) Asya obrazını yaradan Xuraman Hacıyeva da dünyanı yoxsulluq içində tərk edən sənətkarlardandır. Əvvəllər evi-eşiyi, yaxşı dolanışığı olan aktrisa sonradan kürəkəninə görə evini satmalı olub və əvvəl yataqxanalardan birində, sonra da kirayələrdə yaşamağa başlayıb. Xuraman Hacıyeva 2005-ci ildə ehtiyac içində dünyasını dəyişib.





Səməd Vurğun adına Rus Dram Teatrının mərhum aktrisası Xalq artisti Vera Şirye də ömrünün son illərini hədsiz kasıblıq içində keçirib. Teatr ictimaiyyətində gəzən söz-söhbətə görə, V.Şirye ömrünün son illərində yeməyə çörək tapmırmış. Rus Dram Teatrında çalışan aktyorlardan biri deyilənləri təsdiq edib. Vera Şirye ötən əsrin 90-cı illərinin əvvəllərində teatrdan aldığı məvaciblə və təqaüdlə dolana bilmədiyi üçün az qala acından ölüb. Ölkənin keçid dövrü yaşadığı zamanlarda aktrisanın zibillikdən çörək yığdığına dair söyləntilər var. Hətta onu bir neçə dəfə dilənən də görüblər.


Əməkdar artist Xanım Qafarova da ehtiyac içində dünyasını dəyişən sənətkarlardandır. O, uzun illər darısqal, zirzəmi-mənzilində xərçəng xəstəliyi ilə mübarizə aparıb.



“Axırıncı reys”, “Bağlı qapı”, “Bayquş gələndə”, “Cin mikrorayonda” , "Çarə”, “Doğma sahillər”, “Əlaqə”, “Fəryad” , “Fırıldaqçı”, “Gözbağlıcı”, “Gümüşgöl” əfsanəsi, “Güzgü”, “Hədiyyə” kimi filmlərdə rol alan, “Fəryad” filmindəki Aşot obrazı ilə şöhrət qazanan aktyor Fikrət Məmmədov yaxşı ailənin övladı olsa da, ömrünün son illərini Qocalar evində kimsəsiz olaraq başa vurub.


Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsi, "Azərbaycanfilm"in keçmiş direktoru Əli Məmmədovun oğlu olan aktyor ömrünün geri qalan hissəsini səfil həyat tərzi keçirir. Yeganə övladı da aktyoru qəbul etmir və o, uzun illər yaşadığı binanın önündəki skmayalarda gecələyir. Sonradan Qocalar evində məskunlaşan aktyor 2021-ci ildə vəfat edir.


Günel Musa
BakuPost
Şərhlər