Zəif qidalanma, gündəlik işin intensivliyi, stress və qeyri-kafi yuxu, mövsümi dəyişikliklər yorğunluğun ümumi səbəblərindəndir. Təbii ki, bu vəziyyət bəzi sağlamlıq problemlərinə gətirib çıxarır.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər səbəbindən asılı olmayaraq yorğunluğu aradan qaldırmaq üçün bəzi qidalardan istifadəni çoxaltmağı məsləhət görürlər.
“Özünüzü yorğun hiss etdiyiniz zaman sağlam qidalanmaya keçid edin. Doğru seçimlər qısa zamanda enerji qazanmağınıza imkan verəcək”, - deyə uzman dietoloq Ayşe Gül Güven bildirib.
O, yorğunluğun çarəsi olan qidaları belə sıralayıb:
Bütöv dənli taxıllar
Karbohidratlar əzələlər və beyin üçün yanacaqdır. Karbohidratlı qidaların tərkibində lif var və B vitaminləri ilə zəngindirlər. Bütöv dənli taxıldan hazırlanmış çovdar çörəkləri, makaronlar, eləcə də bulqur, qarabaşaq və qara düyü tövsiyə olunur. Ağ pendir və ya çedar pendiri, həmçinin mövsümi göyərti ilə tam taxıl çörəyindən hazırlanmış sendviç yeyə bilərsiniz. Bu cür qidalanma konsentrasiyanızı cəmləşdirməyə kömək edir.
Mövsümi meyvələr
Yorğun olduğunuz zaman yemək hazırlamaq belə çətin gələ bilər və ya vaxtınız məhduddursa, mövsümi meyvələrdən, məsələn mandarindən faydalana bilərsiniz. Mövsümdən asılı olmayaraq, banan, armud və alma da asanlıqla aclığınızı aradan qaldırıb sizə enerji verəcək. Meyvələrlə birgə qəhvə, süd, kefir və ya qatıq da istehlak edə bilərsiniz.
Müxtəlif salatlar
Kompleks karbohidratlarla zəngin olan çeşidli tərəvəzlərdən salat hazırlaya bilərsiniz. Tərəvəzlər zeytun yağı, sirkə və limon sousu ilə birləşdirildikdə multivitamin effekti verir. Rəngarəng salatınız tərkibindəki saysız-hesabsız fitokomponentlərlə sizə enerji verib bədən müqavimətinizi artıracaq. Qaynadılmış paxlalılar və ya buxarda bişirilmiş ət, toyuq, balıq, həmçinin suda bişirilmiş yumurta ilə salatları daha doyumlu hala gətirmək olar.
Quru paxlalılar
Ətli quru lobya və ya tərəvəzli mərcimək şorbası soyuq havalarda dərman kimi effekt verən qidalar arasındadır. Quru lobya, noxud və mərcimək əsəblərinizə faydalı olan və tərkibindəki yüksək bitki mənşəli zülal, maqnezium, mis sayəsində enerji verən sağlam karbohidratlardır. Belə qidalar tərkibindəki lif quruluşu ilə bağırsaqları hərəkətə gətirir, faydalı bakteriyaları qidalandırır və qəbizliyin qarşısını alır. Bitki mənşəli zülalları ət, qatıq, düyü və ya bulqur ilə birlikdə istehlak etmək zülal zəncirini tamamlayır.
Zülal mənbələri
Tərkibində yüksək miqdarda zülal olan yeməklər enerjili hiss etməyinizə səbəb olur. Gündəlik D vitamini ehtiyacınızı qarşılamadığınızı hiss etməyə bilərsiniz, ancaq bir gün gün ət, toyuq, balıq istehlak etməsəniz, onların yoxluğunu hiss edirsiniz. Çünki bədənimizin gündəlik zülala ehtiyacı var. Bu ehtiyac ödənilmədikdə orqanizmin müqaviməti azalmağa, bədəndə şişlik və ödem artmağa, insan yorğun və halsız hiss etməyə başlayır.
Kartof, şabalıd və qarğıdalı
Qlutendən uzaq durmağa diqqət edirsinizsə, bu qidalar köməyinizə gələcək. Kartof, şabalıd və qarğıdalıdan enerjini artıran müxtəlif yeməklər hazırlamaq mümkündür.
Kalsium mənbələri
Süd məhsulları kalsium, fosfor, maqnezium və D vitamini ehtiva edir. Bu qidalar qan təzyiqini tarazlaşdırmağa, sizi sakitləşdirməyə, skelet və əzələ sistemlərini qorumağa kömək edir. Kakaolu süd ilə banan; bal və alma əlavə edilmiş qatıq; çiyələk və ya böyürtkən kefiri ilə enerjinizi artıra bilərsiniz. Darçın və ya sarıkök əlavə edilmiş südü yatmazdan öncə içərək ertəsi günə daha enerjili başlamaq olar.
Çərəzlər
Qoz, badam, fındıq, fıstıq, balqabaq tumu, günəbaxan tumu, püstə kimi çərəzlər tərkibindəki faydalı yağ turşuları ilə toxluq hissi və enerji verir. Bu qidalar ehtiva etdiyi natrium ilə nəbzi sürətləndirir. Lakin bu cür qidaları gündə 1 ovucdan artıq yemək tövsiyə olunmur.
“Yorğunluğun qarşısını almaq üçün gün ərzində çoxlu su için. Qeyri-sağlam qidalardan, qəhvədən, enerji içkilərindən uzaq durmağa çalışın. Əsasən tortlar, xəmir məmulatları, kartof qızartması, hamburger bulkaları və qablaşdırılmış hazır qidalar qan şəkərinizin qəfil artmasına və sürətlə azalmasına səbəb olur. Buna görə də, onları istehlak etdikdən sonrakı bir neçə dəqiqə ərzində yaxşı hiss edir, ardınca isə üzərinizə ağırlıq hissi çökür”, - deyə dietoloq qeyd edib.
Onun sözlərinə görə, bütün bu tövsiyələrə əməl etməyə baxmayaraq, uzun müddət davam edən yorğunluq hallarında həkimə müraciət etmək lazımdır. Çünki keçməyən yorğunluq hissi anemiya, vitamin çatışmazlığı (xüsusilə B qrupu vitamin çatışmazlığı), qalxanabənzər vəzin hormonlarının balanssızlığı, ürək-damar xəstəlikləri, diabet, depressiya kimi problemlərin əlaməti ola bilər.
Gül