Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxma artır, karantin tədbirləri sərtləşdirilə bilər - İnfeksionistən AÇIQLAMA

  • 2021.03.05 17:15
  • 2133 Baxış
Yoluxma artır, karantin tədbirləri sərtləşdirilə bilər -  İnfeksionistən AÇIQLAMA

Ötən bir neçə ay ilə müqayisədə Azərbaycanda COVID-19-a yoluxma sayında yenidən artımlar müşahidə edilir. Bu isə öz növbəsində insanlar arasında narahatlığa səbəb olub.

Pandemiyanın ilk dövrlərində tətbiq edilən sərt karantin rejimi nəticəsində digər ölkələrdən fərqli olaraq Azərbaycan ərazisində yoluxma dinamikası stabil saxlanılıb.

Lakin hazırda yoluxma sayında müşahidə edilən artım dinamikası yenidən məhdudlaşmanın tətbiqi məsələsini gündəmə gətirir


Etiraf etmək lazımdır ki, yoluxma sayı azaldıqca insanlar məsuliyyət hissini itirməyə başladı və maska, məsafə və vaksinasiya prosesinə laqeyd yanaşmağa başladı. Nəzərə alsaq ki, qarşıdan Novruz Bayramı gəlir, görəsən karantin rejimində sərtləşməyə gedilməzsə, yoluxma sayı 2020-ci ilin dekabr ayında olan yüksək səviyyəyə çata bilərmi?

İnfeksionist Nicat Əzimli mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bu dönəmdə dövlət səviyyəsində pandemiya ilə mübarizə çərçivəsində atılan addımlar birbaşa olaraq insanların sağlamlığının müdafiəsinə hesablanır:

“Koronavirusa yoluxma ilə bağlı sayı günbəgün artımlar müşahidə edilir. Yoluxmanın qarşıdakı günlərdə daha da artmasının qarşısını almaq məqsədilə zəruri tədbirlərin görülməsi, yeri gələrsə karantin rejiminin sərtləşdirilməsi də müzakirə edilə bilər. Bunların hər biri vətəndaşların məsuliyyətli davranışından, karantin rejiminə hansı səviyyədə riayət etməsindən asılıdır. Vətəndaşlar öz çevrəsində hər kəsi məsuliyyətli olmağa, qoruyucu maskalardan istifadə etməyə, sosial məsafəni saxlamağa və gigiyenik normalara əməl etməyə çağırmalıdır. Yoluxma dinamikasından asılı olaraq yenidən sərtləşməyə gedilə bilər”.

Həkim infeksionist qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar da fikirlərini bildirib:

“Hər kəs bilir ki, Novruz Bayramı xalqımızın təntənəli şəkildə qeyd etdiyi bayramlardan biridir. Bilirik ki, bayram günlərində əhalinin şəhərdən rayonlara və əks istiqamətdə kütləvi axını müşahidə edilir. Pandemiya şəraitində, üstəlik yoluxma dinamikasının artımı müşahidə edilən bu dövrdə təbii ki, bu məqam təhlükəli ola bilər.

Hazırda ölkə ərazisində kütləvi bayram tədbirlərinin keçirilməsinin qadağan olduğunu bilirik. Odur ki, dövlət səviyyəsində bayram şənliklərinin keçirilmədiyi kimi, hər kəs fərdi qaydada da məsuliyyətli olmalı və bayramla əlaqədar bir araya toplaşmamalıdırlar”.