Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxmanın azalması bizi aldatmamalıdır - Həkim infeksionist

  • 2022.11.01 17:18
  • 1254 Baxış
Yoluxmanın azalması bizi aldatmamalıdır   - Həkim  infeksionist

Son bir heçə həftədir ki, COVID-19-a yoluxanların sayında artıb-azalmalar müşahidə olunur. Çünki dünyada pandemiya hələ də davam edir. Nə zaman ki bütün ölkələrdə gündəlik statistik göstəricilər sıfırlanacaq, o zaman biz pandemiya bitdiyinə əmin olacağıq. Odur ki, bəzən yoluxma saylarının minimum həddə enməsi bizi aldatmamalı, məsuliyyətli yanaşmamıza təsir etməməlidir.


"Medicina" xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.



Həkim-infeksionist bildirib ki, xüsusilə yoluxma saylarında qeyri-stabilliyə təsir edən amillərdən biri payız fəslinin, yəni sentyabrın sonlarından dekabrın sonlarına qədər kəskin respirator infeksiyaların çox aktivləşdiyi dönəmin olmasıdır: “Həmin aktivləşmə gündəlik yoluxma göstəricilərinə də təsir edir. Çünki immun sisteminin zəifləməsi fonunda yanaşı, ikincili infeksiyalar da inkişaf edə bilər”.

Rusiyada aşkarlanan ştamlardan danışan N.Əliyev hazırda ölkəmizdə bununla əlaqədar ciddi bir təhlükənin olmadığını, o cümlədən həmin variantların respublika ərazisində qeydə alınmadığını da diqqətə çatdırıb: “Elə olarsa, biz bunu gündəlik yoluxma saylarındakı ciddi artımla müşahidə edəcəyik”.

Mütəxəssis Nazirlər Kabinetinin son qərarı ilə karantin rejiminin gələn il yanvarın 1-dək uzadılmasına da münasibət bildirərək deyib:

“Karantin rejiminin müddətinin uzadılması isə Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın bitdiyini elan edəcəyi zamana qədər qabaqlayıcı metodlardan biridir. Bununla paralel olaraq gigiyena qaydalarına, kütləvi toplanma məkanlarında məsafə saxlanılmasına və özündə respirator əlamətlər hiss edənlərin maska rejiminə riayət etməsi məsləhətdir. Xüsusilə yaşlı təbəqə, ağır xroniki xəstəliyi olanlar üçün həm mövsümü infeksiyalar, həm də koronavirus öz ağırlıq dərəcəsini saxlayır. Lakin hazırkı dönəmdə COVID-19-un ağırlaşma dərəcəsi son iki il ərzində ən aşağı haldadır. Lakin bu, o demək deyil ki, insanlar rahat olmalıdırlar. Pandemiya bitənə qədər iki il ərzində təkidlə tövsiyə edilən qaydalara əməl edilməsi vacibdir. Ən önəmli məqamlardan biri də vaksinasiyadan keçməyənlərin peyvəndlənməsi, xüsusilə də “buster” dozanın qəbul edilməsidir”.