Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxma sayı sürətlə artır - Qapanmalar olacaqmı?

  • 2022.01.28 17:32
  • 1671 Baxış
Yoluxma sayı sürətlə artır  - Qapanmalar olacaqmı?

Son günlərdə Azərbaycanda koronavirusa yoluxma və bununla bağlı ölüm hallarının sayı artıb.

Dünən açıqlanan statistikaya əsasən, 3361 nəfər virusa yoluxub, 14 nəfər dünyasını dəyişib.

Ölkədə karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılışı, şənlik mərasimlərinə icazə, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olub. İnfeksion xəstəliklərinin daha çox yayıldığı qış fəslində yoluxmanın daha da genişlənəcəyi istisna edilmir.

Belə olan halda ölkədə məhdudiyyətlərin yenidən tətbiq edilib-edilməyəcəyi məsələsi gündəmə gəlir.
Məsələ ilə bağlı Bakupost.az -a tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ciddi qapanmalara və karantin qaydalarının sərtləşdirilməsinə xüsusi bir ehtiyac duyulmur:

“Omikron ştammı çoxsaylı mutasiyalara uğrayıb. Yəni, omikron ştammının strukturunda 32 normadan artıq mutasiya var. Hətta nuklekapsid hissəsində də mutasiya qeyd edilir. Çoxsaylı mutasiyalar bu ştamma yeni xassələr verir.

Bu onun həddən artıq yoluxucu olması ilə özünü göstərir. Amma omikron ştammının əvvəlki analoqlarından fərqi, onun ölüm törətmə qabiliyyətinin xeyli aşağı olmasıdır. Virus çox sürətlə yayılır. Bu gün dünyada yeni bir dalğa müşahidə edirik. Qonşu ölkələrdə, o cümlədən də Azərbaycanda omikron ştammının yayılma sürəti artır. Artıq biz kovidlə yaşamağa öyrəşmişik. İnsanlar sanki qapanmalardan da beziblər.

Hesab edirəm ki, çox ciddi qapanmalara və həddən artıq karantin qaydalarının sərtləşdirilməsinə xüsusi bir ehtiyac duyulmur. Lakin insanların qapalı mühitdə karantin davranışlarına əməl etməsi çox mühümdür. Xəstə olan şəxslər də mütləq həkimə müraciət etməli, yataq rejiminə keçməli və yaxşı olardı ki, işə getməsinlər. Virus həddindən artıq yoluxucudur və müəyyən təbəqəni yoluxdurmalıdır. Amma nəzərə alaq ki, Azərbaycanda vaksin olunmuş xeyli şəxs var və bunların 80%-də immunitet formalaşıb. Bundan başqa xəstəliyi keçirib, daha sonra immuniteti formalaşanlar da var. Bunları da nəzərə alsaq, biz kollektiv immunitetə daha yaxınıq. Hər halda bu faktorlar karantin tədbirlərinin sərtləşdirilməsi məsələsi ortaya çıxanda, nəzərə alınmalıdır”.


Milli Məclisin deputatı Müşfiq Cəfərov isə qeyd edib ki, qapanmalar sahələr üzrə yox, lokal formada, obyektlər üzrə ola bilər:

“Çox qısa bir vaxtda yoluxma sayı təxminən 4 minə çatıb. Dünya ölkələrinə nəzər yetirsək, vəziyyət heç də ürək açan deyil. Hətta qonşu Gürcüstanda əhali sayına görə təxminən 15-17 min üzərində bir rəqəmlər var. Bu baxımdan düşünürəm ki, bizdə olan rəqəmlər digər ölkələr ilə müqayisədə heç də qorxuducu deyil. Omikron virusu daha sürətlə yayılır və çox insan buna yoluxur.

Lakin digər ştammlar ilə müqayisədə qorxuducu deyil. Ümid edirəm ki, biz 5 rəqəmliyə çatmarıq. Bu gün ətrafımızda olan insanların çoxu omikron ştammına yoluxub. Demək olar ki, onların əksəriyyəti ev şəraitində müalicə alırlar. Təbii ki, xəstəxanalarda yataqla bağlı heç bir problemimiz yoxdur. Yalnız bu rəqəm artdığı təqdirdə və daha ağırlaşdırıcı hallar çoxalarsa, təbii ki, həm xəstəxanalarda, həm də reanimasiyalarda yer məhdudiyyəti yarana bilər. Omikronun güclü tərəfi odur ki, yayılma sürəti çox yüksəkdir. Düşünürəm ki, burada artıq qapanmalar sahələr üzrə yox lokal formada, obyektlər üzrə ola bilər. Önümüzdəki həftələrdə də yolkuxma sayı arta bilər”.

Fəridə
Baku Post