“Hazırkı vəziyyətə görə, koronavirusa yoluxma sayının 4000 və üzərində olacağı ehtimal olunur”.
Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, infeksionist Süleyman Kamilov deyib.
O bildirib ki, bu, insanların qorunma üsullarından, fərdi mühafizə vasitələrindən necə istifadə etməsi, karantin, şəxsi gigiyena qaydalarına riayət etməsindən asılıdır: “Bu qaydalara riayət edilməsə, koronavirusa yoluxma, ölüm sayı gündən-günə arta bilər. Bu, həmçinin, xəstəliyi ağır keçirənlərin sayının artmasına da gətirib çıxararr.
Hələ ki, ilkin dalğanın daha da yüksəlməsini görürük. Mən düşünürəm ki, bu, ikinci dalğa deyil, çünki birinci dalğamız hələ bitməmişdi. Yoluxma sayı indikinə nisbətən az olsa da, xəstəlik ölkədə bitməmişdi ki, ikinci dalğa başlasın. Bu, birinci dalğanın alovlanması deməkdir”.
Həkim qeyd edib ki, yoluxma sayını minimala endirmək üçün qaydalara əməl etmək mütləq şərtdir: “Bu qaydalara əməl etməklə biz təkcə, özümüzü deyil, ətrafımızdakıları, ailəmizi də qorumuş oluruq. Ola bilər ki, biz koronavirusa yoluxaq, amma virus bizdə ağır təzahürlər verməsin, ağırlaşma olmasın. Amma daşıyıcı ola, başqasına xəstəliyi yoluxduraraq onun xəstəliyi ağır keçirməsinə, hətta ölümünə səbəb ola bilərik. Ona görə, üzərimizə düşən qaydalara bacardığımız qədər əməl etməliyik”.
S.Kamilov vurğulayıb ki, hazırda koronavirusa yoluxanlar xəstəliyi yay aylarına nisbətən daha ağır keçirirlər: “Xəstələrdə ən çox tənəffüs çatışmazlığı müşahidə olunur. Onlar təngnəfəslik, boğulma və uzun müddət düşməyən qızdırmadan şikayət edirlər. Ən çox ağırlıq dərəcələri bunlar olur. Amma bəzən qripəbənzər klinik əlamətlər də müşahidə edilir. Buna temperatur, ümumi halsızlıq, öskürəyi misal göstərə bilərik”.
İnfeksionistin sözlərinə görə, kimsə təmasda olduğu şəxsdə koronavirus aşkarlandığını öyrənirsə, onun dərhal PZR testindən keçməsi tövsiyə olunur: “Həmçinin, sadaladığım kliniki əlamətləri olanların da PZR testindən keçməsi məsləhətdir. Kiminsə ilk 3-4 gün ərzində temperaturu düşmürsə, şikayətləri gündən-günə artırsa, öskürək şiddətlənirsə, bəlğəmli öskürək müşahidə edilirsə, hərəkət zamanı və ya hərəkətdə olmadığı zaman təngnəfəslik, boğulma hissi olursa, həmin şəxslərin Kompüter Tomoqrafiyadan (KT) keçməsi məsləhətdir”. (APA)