Bir çoxları zəhərlənmədən çəkindiyi üçün göbələk yemir. Halbuki bu tərəvəzin çox spesifik dadı və bəzi hallarda faydası var. Lakin sirr deyil ki, sıravi vətəndaşlar göbələyin zəhərli olduğunu ayırd etməkdə çətinlik çəkir və buna görə də sonda faciə yaşanır. Elə Abşeronda bir ailənin dörd övladından ikisinin göbələk zəhərlənməsindən dünyasını dəyişməsi, digərlərinin ömürlük əlil olması bu məsələdə bir daha ciddi siqnal oldu.
Bəs göbələk sevənlər nə etməlidirlər?
Zəhərli göbələyi zəhərsiz göbələkdən necə ayırmaq olar?
Göbələklərlə zəhərlənmə zamanı nə etməli?
Medicina.az trend-ə istinadən xəbər verir ki, məsələyə Azərbaycan Tibb Universitetinin toksikoloqu, tibbi elmləri üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev belə münasibət bildirib.
Göbələk çətin həzm olunan məhsuldur
İ.Əfəndiyev qeyd edir ki, göbələkləri yeməli, şərti-yeməli, praktiki yeyilməyən və zəhərli göbələklərə bölmək olar: "Ümumiyyətlə qeyd etmək lazımdır ki, bütün yeməli göbələklər çətin həzm olunan məhsullara aiddirlər. Göbələklərin əsas tərkib hissəsini göbələk lifi və xitinəbənzər maddələr təşkil edir ki, bunlar da orqanizm tərəfindən çətin həzm olunur və yüksək fermentativ aktivliyə - sekresiya və sorulmanın kəskin gücləndirilməsinə malikdir. Buna görə də qida rasionunda yeməli göbələklərin üstünlük təşkil etməsi həzm traktının, qaraciyər funksiyasının ciddi pozğunluqlarına gətirib çıxarır. Xüsusilə, qidada göbələklərdən istifadə edən, mədə-bağırsaq traktının xroniki xəstəliklərindən (qastrit, pankreatit, xolesistit və s.) əziyyət çəkən insanlara ehtiyatlı olmağı tövsiyə edirik”.
Həkim bildirir ki, Şimalda və Şərqdə yaşayan bir çox millətlərin, eləcə də ənənəvi Azərbaycan mətbəxində hazırlanan yeməklərdə göbələklərdən istifadə olunmur.
Göbələk ağır zəhərlənmə verir
İ.Əfəndiyevin sözlərinə görə, zəhərlənmənin ilkin simptomları göbələyin qəbulundan 6-48 saat sonra özünü göstərir. Təəssüf ki, bu vaxta qədər toksinlərin çoxu artıq bağırsaqdan qana sorulur və dağıdıcı funksiyası işə başlamış olur. Zəhərlənmə kəsilməyən qusma, qarın ağrısı, tez-tez duru ishalla başlayır. Qan təzyiqi enir, sarılıq yaranır, qaraciyər isə böyüyür. Uşaqlar isə göbələk zəhərinə qarşı daha həssasdırlar.
İlkin yardım tədbirləri kimi mədə və bağırsaqları təmizləmək, zərərçəkmişə aktivləşdirilmiş kömür vermək və ən qısa zamanda toksikoloji mərkəzə çatdırmaq lazımdır.
Son illər əzrində toplanan statistik məlumatlara baxsaq, il ərzində göbələklə zəhərlənmə hadisələrin sayı 50-60-ı keçmir. Məlumatların ölümlə faizinə baxsaq görərik ki, bu zəhərlənmələrdən ölüm hallarının sayı, məsələn, zəhərli ilanlardan ölənlərin sayına bərabərdir. Xüsusən, bu zəhərlənmə uşaqlarda proqnostik ağırdır.
Yol kənarından göbələk almayın!
Qeyd etmək lazımdır ki, bir çox yeməli göbələklər müəyyən inkişaf dövrlərində özlərində müxtəlif zəhərli maddələr toplayırlar. Bundan əlavə, ekoloji cəhətdən əlverişsiz bölgələrdə yetişən göbələklər özlərində külli miqdarda toksiki ağır metallar, kanserogen maddələr, avtomobil yanacaqlarının natamam yanma məhsullarını toplayırlar. Buna görə də avtomobil yolları kənarında satılan göbələkləri almaq tövsiyə edilmir. Avropanın bir çox ölkələrində təbii şəraitdə toplanan göbələklərin istifadəsinə qadağa qoyulub və yalnız süni şəkildə qapalı yerlərdə yetişdirilməsinə icazə verilir.
Qarabasma verən göbələklər
Sonda onu da qeyd edək ki, son vaxtlar isə hallüsinasiya verən göbələklər haqqında şayiələr gəzir. Bu doğrudur - hallüsinasiya (onları hətta "sehirli” də adlandırırlar) verən göbələklər mövcuddur. Bu göbələklər "Psilociba” sinifinə aiddirlər və LSD ilə eyni təsirə malikdirlər. Bu göbələklərin vətəni Şimali Amerika sayılır və əsrlər boyu hindilər tərəfindən dini mərasimlərin aparılmasında istifadə olunurdu. Bu göbələkləri yedikdən 30-60 dəqiqə sonra insanın ətraf mühitdəki reallığı qavraması pozulur, məsələn "səsi görmək”, "işığı eşitmək” kimi hallüsinasiyalar əmələ gəlməyə başlayır. Xoşbəxtlikdən, Azərbaycanda belə göbələklər bitmir, lakin Avropanın qərb ölkələrində və Rusiyada bu göbələkləri satış məqsədilə süni şəraitdə yetişdirir və internet qlobal şəbəkəsi vasitəsilə satışa buraxılır. Buna görə də Azərbaycanda gənc nəsil bu təhlükəli maddələrin riski altında ola bilər.