Yod orqanizmdə vacib rol oynayan elementlərdən biridir. Orqanizm yodu sintez edə bilmədiyinə görə ona olan tələbatı qidalar vasitəsi ilə ödənilir. Yod atmosfer yağıntıları vasitəsilə torpağa və suya hopur, onun funksiyası qalxanvarı vəzin hormonlarının sintezini tənzimləməkdir.
Orqanizmdə yoda olan gündəlik tələbat 100-150 mikroqramdır. Yodla zəngin olan qida məhsulları feyxoa, treska balığı, lobya, ət, yumurta, buğda unu, kələm, yağ, qaraciyər, çuğundur, kök, süd və kartofdur. Xüsusilə, dəniz kələmində olan orqanik yod yaxşı həzm olunur və uzun müddət orqanizmdə qalır.
Medicina.az xəbər verir ki, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Yod qəbul edək, autizmə yox deyək” adlı tədbirdə bu barədə danışılıb.
Fizioloq, fəlsəfə doktoru Rəşid Mahmudov orqanizmdə yod çatışmazlığının səbəb olduğu sağlamlıq problemləri barədə məlumat verib. Qeyd olunub ki, yodun lazımi miqdarda olmaması endemik ur, hipotireoz, baş-beynin funksiyasının pozulması, yaddaş, eşitmə və görmə qabiliyyətinin zəifləməsi, apatiya, konyunktivit, qəbizlik, dəri və selikli qişalarda quruluqlar, arterial təzyiqin azalması, ürəkdöyünmənin zəifləməsi, saçın tökülməsi, enerji çatışmazlığı kimi fəsadlar yaradır.
Fizioloq hamilələrdə yod çatışmazlığı əlamətinin aparıb çıxardığı dölün inkişaf qüsurları, düşüklər, anadan doğulan uşaqda hipotiroidizm problemi, dünyaya gələn körpələrdə böyük dil, əmgəyin ölçülərinin böyük olması, uşaqlarda boyun uzanmasında durğunluq, inkişafın zəifləməsi, məktəbyaşlı uşaqlarda öyrənmə və əzbərləmədə çətinlik, dərslərdən geri qalma hallarına səbəb olduğunu bildirib. Onun dediyinə görə, yod çatışmazlığının qarşısını almaq üçün qida rasionuna dəniz məhsulları, qırmızı ət, toyuq əti, qoz, eləcə də digər çərəzlər, taxıllar, süd və süd məhsulları, yumurta, çiyələk, banan, yodlaşdırılmış duz daxil edilməlidir.