Yod çatışmazlığı uşaqlarda böyümə və inkişaf gerililiyinə, hamilələrdə isə düşmə və ölü doğuma səbəb olur.
Medicina.az xəbər verir ki, yod çatımazlığı bir sıra xəstəliklərə yol açır. Bu xəstəliklər xüsusilə torpağında yod əskikliyi olan bölgələrdə rastlanılır.
İnsan gündəlik qəbul etməsi lazım olan yod miqdarını almadıqda bir sıra funksional və inkişaf pozğunluqları ilə qarşılaşa bilər. Bunlara qısaca "yod çatışmazlığı xəstəlikləri" deyilir. Daha çox qadınlar, hamilələr, uşaqlar və körpələr risk altında olur.
Yod çatışmazlığının səbəbləri nələrdir?
Sağlam beyin inkişafı və böyümənin təməl daşlarından olan tiroid hormonlarının artması üçün orqanizm kifayət qədər yod qəbul etməlidir. Ancaq əfsus ki, yod orqanizm tərəfindən istehsal olunmur. Buna görə də bədənin yod ehtiyacı dəniz məhsulları, ət, süd məhsulları, yumurta kimi qidaları yeməklə qarşılana bilər. Əgər qidalanma yolu ilə kifayət qədər yod alınmırsa, problem xronikiləşir və bununla bağlı problemlər ortaya çıxır.
Yod çatışmazlığı səbəbindən yaranan tiroid xəstəliklərinin başında isə zob xəstəliyi (qalxanvari vəzinin böyüməsi) gəlir.
Statistikaya görə, dünyada 740 milyon insan bu xəstəlikdən əziyyət çəkir.
Əlamətləri nələrdir?
Tiroid hormonu azaldıqda metobolizma yavaşladığı üçün çəki artmağa başlayır. Şəxs az yemək yesə də, kökəlməyə başlayır. Bununla yanaşı, halsızlıq, dəri quruluğu, saç tökülməsi, dəridə qalınlaşma, qəbizlik, soyuğa qarşı dözümsüzlük, saç və dırnaqlarda qırılma, menstruasiya düzənsizliyi, unutqanlıq zamanla ortaya çıxan şikayətlər arasındadır. Daha irəliləmiş vəziyyətlərdə isə özünü idarə etmə problemi, depressiya, həssaslıq, ürək və ağciyər çatışmazlığı yarana bilər. Yod çatışmazlığının qadınlardakı ən əhəmiyyətli təsirlərindən biri isə sonsuzluqdur.