Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeyilən qidalar nə zaman təhlükəsiz olacaq?

  • 2018.03.08 11:14
  • 12264 Baxış
Yeyilən qidalar nə zaman təhlükəsiz olacaq?
Təhlükəsiz qidalanma hər kəsin haqqıdır. Bu haqqın təmin olunması isə dövlətin vətəndaşlar qarşısında əsas öhdəliklərindən biridir. Azərbaycanda indiyədək bilavasitə qida təhlükəsizliyi ilə məşğul olan ayrıca qurum olmayıb. Bu işi 7-8 dövlət orqanı birlikdə həyata keçirib. İndi isə iki aydır ölkədə Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi fəaliyyətə başlayıb.


Prezidentin sərəncamı ilə təsdiqlənən əsasnamədən aydın olur ki, agentliyə çoxşaxəli səlahiyyətlər verilib. Bu səlahiyyətlər qida zəncirinin bütün halqalarında təhlükəsizliyə nəzarət mexanizminin yaradılması məqsədi daşıyır. Hələlik agentlik bu mexanizmi qurmağa vaxt baxımından imkan tapmayıb. Belə ki, istehlak bazarında saxta, keyfiyyətsiz, vaxtı keçmiş, yaxud digər xüsusiyyətlərinə görə istifadəsi təhlükə yaradan məhsullar sarıdan bolluqdur.


Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin media mərkəzindən verilən məlumata görə, ölkə prezidentinin 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanı ilə yaradılan qurumun əsas vəzifələrindən biri əhalinin təhlükəsiz və sağlam qida məhsulları ilə təmin olunmasına nail olmaq, istehlakçıların hüquqlarını müdafiə etməkdir.


Fəaliyyətdə olduğu 2 ay ərzində Agentliyin Aparatının strukturu təsdiq olunub: "Regional bölmələrin, o cümlədən Bakı şəhərinin strukturu, Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsi təsdiq olunma mərhələsindədir. Prezidentin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, hazırda Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin struktur və maddi-texniki bazasının formalaşdırılması, laboratoriyaların təhvil-təslim işləri həyata keçirilir”.

 


İstehlak bazarına nəzarətə gəlincə, qurumdan deyirlər ki, Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində göstərildiyi kimi, Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qeydiyyata alacaq və reyestrini aparacaq: "Hazırda bu istiqamətdə Agentliyin fəaliyyətini təmin etmək məqsədi ilə qanunvericilikdə müəyyən dəyişikliklər hazırlanır və uyğunlaşmalar aparılır. Qida Təhlükəsizliyi Agentliyi bu prosesi mərhələli şəkildə həyata keçirməyi, bu sahədə vətəndaş məsuliyyətini artıracaq yöndə geniş maarifləndirmə işləri görməyi planlaşdırır”.


Beləliklə, aydın olur ki, qida təhlükəsizliyimizin təmin olunması üçün hələ azı bir neçə ay daha gözləməli olacağıq.


Xatırladaq ki, dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddəti uzadılarkən qida təhlükəsizliyinin təmin olunması məqsədli yoxlamalar istisna edilib. Yəni Qida Təhlükəsizliyi Agentliyinə qida məhsullarının istehsalı, emalı və satışı mərhələlərinin hər birində təhlükəsizliyin təmin olunması üçün yoxlamalar aparmağa icazə verilib.(musavat.com)