"İnternet dalğaları hava oksigeninindən virus sintez edir" kimi sərsəm ideyadan tutmuş, "virus yoxdur, insanların burnuna xüsusi qurğularla zəhərli maddə püskürdub, onları zəhərləyirlər", "bizə vaksin adı ilə çip yerləşdirirlər", "hökumət koronavirus haqqında söhbətləri maska satışından milyardlar qazanmaq məqsədilə uydurub" kimi absurd bəyanatlar baş alıb gedir.
Yenə "heç bir qorunmaya ehtiyac yoxdur" deyən həkimləri alqışlaylb, statuslarının altında onları nazir vəzifəsində görmək arzusu izhar edən şərhlər yazılır, "özünüzü qoruyun" deyənlər isə lənətlənir. Ancaq nədənsə, orta mövqe sərgiləyən həkimlərin fikirləri diqqətdən kənarda qalır, dar ixtisasa sahib olan, infeksion prosesdən və virusologiyadan xəbəri olmayan həkimlərin bəzən hətta ən absurd bəyanatları mətbuatda həvəslə yayımlandığı halda, müvafiq sahənin mütəxəssislərnin fikirləri diqqətdən kənarda qalır".
Medicina.az xəbər verir ki, Azərbaycan Tibb jurnalının baş redaktorunun müavini Fuad İslamzadə bir çox insanların hələ də koronavirusa sanki ayıb bir xəstəlik kimi yanaşdığını, bu səbəbdən koronavirusdan ölənlərin həqiqi sayının beləı dəqiq məlum olmadığını açıqlayıb.
Həkim açıqlamasında insanları reallıqla barışmağa çağırıb.
"İnsanların bir hissəsi aşırı qorxuya düşüb yersiz əziyyət çəkir, bir hissəsi isə hətta kovid-19 xəstəliyinə tutulsa da, bunu gizlətməyə çalışır. İndiyə qədər dəfələrlə şahidi olmuşuq ki, məlum xəstəlikdən hətta xəstəxanada yatmış adam sağaldıqdan sonra dost-tanışlarına guya əslində başqa xəstəlikdən müalicə edildiyi haqda məlumat verib.
Bu gün səhər ARB telekanalında belə bir iddia səsləndirildi ki, guya tanınmış müğənni Səməd Səmədov əslində başqa xəstəlikdən vəfat edibmiş. Ən qəribəsi isə bu idi ki, aparıcı bu haqda məlumatı belə bir ifadə ilə verdi:-"Səməd Səmədovun vəfatı əvvəl koronavirusla əlaqələndirilsə də, indi onun TƏBİİ xəstəlikdən öldüyü bildirilir".
Yəni xəbər müəllifinin məntiqinə görə kovid-19 qeyri-təbii xəstəlik imiş, Yeni Klinika isə əhaliyə yalan məlumat veribmiş.
Belə münasibət tamamilə yolverilməzdir. İnsanlar dərk etməlidirlər ki, kovid-19 tənəffüs yolu ilə yoluxan adi bir infeksion xəstəlikdir, insandan insana kontaktsız da yoluxur və bu xəstəliyə yoluxmaqda insana üzqarası gətirə biləcək heç nə yoxdur. Yəni insanlar xəstələndiklərini gizlətmək əvəzinə xəstələnmə əlamətləri təzahür edən kimi müalicəyə başlamalıdırlar.