Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yerli həkimlər üçün tibbi reabilitasiya seminarı keçirilib - FOTO

  • 2017.09.26 23:18
  • 21023 Baxış
Yerli həkimlər üçün tibbi reabilitasiya seminarı keçirilib -  FOTO
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı, Amerika – Avstriya Fondunun və Vyana Tibb Universitetinin dəstəyi ilə tibbi reabilitasiya üzrə elmi-praktiki seminar keçirilib.


Medicina.az xəbər verir ki, ADBTİA-dan AZƏRTAC-a bildiriblər ki, iki gün davam edən seminarda Vyana Tibb Universitetinin və Vyana Mərkəzi Xəstəxanasının baş mütəxəssisi, fiziki təbabət və reabilitasiya kafedrasının dosenti Gerald Ebenbixler onurğa sütunu, ağrı sindromu, əzələ-skelet sindromlarında, eləcə də yaşlı insanlarda ağrının müalicəsi və reabilitasiya xüsusiyyətləri, intensiv terapiya şöbələrində reabilitasiya, Ümumdünya Səhiyyə Təşkilatının funksionallıq, əlillik və sağlamlığın beynəlxalq şaxələndirilməsi və onun təcrübədə istifadəsi mövzularında mühazirələri ilə geniş auditoriya qarşısında çıxış edib.


Tədbirdə Bakıda və ölkəmizin regionlarında yerləşən müxtəlif özəl klinikaların həkimləri, Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə, fizioterapiya və tibbi reabilitasiya, travmatologiya, alqologiya, nevrologiya üzrə mütəxəssisləri, rezidentlər, Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin nəzdində reabilitasiya mərkəzlərində çalışan həkimlər və ADBTİA-nın idman tibbi və reabilitasiya ixtisası üzrə magistrantları iştirak ediblər.


Görüşdə G.Ebenbixler praktik mövzulara da toxunaraq, Avstriyada tibbi və idman reabilitasiyası sahəsində aparılan tədqiqatlardan danışıb. Sonra seminar iştirakçıları ilə konkret klinik hallar müzakirə edilib.


ADBTİA-nın təşkilatçılığı ilə keçirilən belə seminarların məqsədi tibbi reabilitasiya sahəsində qabaqcıl təcrübəni Azərbaycana gətirmək, bu sahəni genişləndirərək yüksək ixtisaslı yerli mütəxəssislər yetişdirməkdir.

 


 


 

Yerli həkimlər üçün tibbi reabilitasiya seminarı keçirilib -  FOTO