"Yumşaldılma o demək deyildi ki, əhali tam rahat, sərbəst şəkildə çıxıb maskasız gəzsin, sosial məsafə, izolyasiya qaydalarına əməl etməsin".
Medicina.az xəbər verir ki, bunu milli.Az-a açıqlamasında koronavirus xəstələrinin müalicəsinin aparıldığı xəstəxanada çalışan infeksionist Vüsalə Yaşar deyib.
"Bəzi vətəndaşlarımız sosial şəbəkələrdə belə rəylər yazırlar ki, "Nə oldu, həftəiçi virus yoxdur, həftə sonumu oldu?" Belə deyil!
Həftəiçi insanlar vacib işlərinin dalınca getməlidirlər, amma həftə sonu adətən boşluq olduğu üçün hamı çölə kütləvi axın edir. İşi olan da, olmayan da hamı çöldədir və bunun nəticəsində də yoluxma sayı çox yüksək rəqəmlərə çatdı
Biz sosiallaşmağı, insanların çıxıb havada gəzməyini normal qarşılayırıq. Amma bəzi şeylər ifrat dərəcəsində olmağa başladı. Çox sıx məsafədə qadağa olunmasına baxmayaq ad günləri qeyd olundu, partilər təşkil olundu və s. Bunların qarşısını almaq mümkünsüzə çevrilir.
Həftəsonları hərəkəti tam məhdudlaşdırmaq doğru qərardır
Biz ilk vaxtlar qəbul etdiyimiz xəstələr yaşlılar, yanaşı xroniki xəstəliyi olan insanlar idi. Təəssüflə qeyd edirəm ki, amma indi koronavirusa yoluxmaya görə gənclər daha çox xəstəxanalara yatırılır.
Gənclərdə daha çox pnevmaniya aşkar etməyə başlamışıq və artıq bütün xəstəxanalar, demək olar ki, dolublar. Yaxşı ki, modul xəstəxanalar tikilib. Bu xəstələr oralara yerləşdiriləcək.
Amma biz vəziyyətin yaxşılaşmağını arzulayarkən daha da pis nəticələr görməyə başlayırıq.
Xidmət göstərdiyimiz xəstəxanaya gətirilən COVİD tipli xəstələrin adətən öskürəkləri çox güclü olmasa da tək-tək ösükrəkləri, qızdırmaları olur. Amma adi qripdə rast gəlinən burun axması, öskürək kimi əlamətlər olmur.
Xəstəxanaya getmək istəmədiklərinə görə başlayırlar evdə özbaşına müalicələr etməyə
Təəssüf ki, xəstələr bu əlamətləri görəndə bəzən özləri gedir rentgen edir, KT müayinəsindən keçirlər. Onlarda pnevmaniya da aşkarlanır. Amma çoxunda xəstəxanaya getmək fobiyası var. Niyə belə etdiklərini anlamıram doğrusu. Xəstəxanaya getmək istəmədiklərinə görə başlayırlar evdə özbaşına müalicələr etməyə. Bunun nəticəsində də müəyyən bir zaman itirilir. O zaman onlara xəstəxanada daha doğru yardım göstərilə bilərdi. Nəticədə xəstə çox ağırlaşır, tənəffüs çatışmazlığı yaranır, məcbur qalır müraciət etməyə. Bu səbəbdən də biz gəncləri ağır vəziyyətdə qəbul etməyə başlamışıq.
Bu dörd şərti etməklə bu vəziyyətdən çıxmış olarıq
Tövsiyəmiz budur ki, özbaşına evdə müalicələr yolverilməzdir, bunu etməsinlər. Özlərində xəstəlik əlaməti hiss edən kimi təcili yardım çağırsınlar, onlardan yardım alınsın və çölə çıxdıqda maksimal dərəcədə tibbi maskadan istifadə olunsun və izolyasiya qaydalarına əməl etsinlər.
Bu dörd şərti etməklə bizim işimizi asanlaşdırarlar və biz daha asan bu vəziyyətdən çıxmış olarıq. Bizə kömək etsinlər".