"Əpl” şirkətinin istehsal etdiyi "ağıllı saat” (Smart Watch) artıq tam təkmilləşdirilmiş sağlamlıq cihazı funksiyasını yerinə yetirəcək.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, Amerikanın nəhəng texnologiya şirkətlərindən olan "Əpl” bu ilin sentyabr ayından etibarən Stanford Universiteti ilə əməkdaşlıq edir. Şirkət mühəndisləri və tibb işçilərinin birgə layihəsi olaraq "Apple Heart Watch”( Ürək saatı) cihazı hazırlayıb.
Belə ki, saat elektrokardioqrama (EKG), təzyiq ölçən və ürək fəaliyyətinə nəzarət edən bir sıra cihazların funksiyalarını özündə birləşdirir. Hələ ki, saatın müxtəlif sınaq testləri keçirilir.
"Ürək saatı” xüsusilə ürəyində ciddi problemlər yaşayan insanlar üçün nəzərdə tutulub. Saat ani dəyişimlər haqqında sahibinə siqnal ötürəcək və xəstə dərhal yaxınlıqda olan tibb məntəqəsinə gedərək yoxlanışa girəcək. Həkimlərin sözlərinə görə, bu ani baş verən infarkt risklərini azaltmağa kömək edə biləcək.
Layihənin 2018-ci ildə tamamlanacağı gözlənilir.