Çinin Yunnan əyalətində çalışan elm adamları yarasalarda və insanlarda xəstəliyə səbəb ola biləcək yeni virus növü tapdıqlarını açıqlayıblar.
Bakupost.az xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatçılar, BtSY2 adlı virusun Covid-19-a səbəb olan SARS-CoV-2 ilə eyni ailədən olduğunu bildirərək, yeni bir pandemiya ehtimalı barədə xəbərdarlıq ediblər.
Yeni tədqiqata Sun Yatsen Universiteti, Yunnan Endemik Xəstəliklərə Nəzarət İnstitutu və Sidney Universitetinin tədqiqatçıları rəhbərlik ediblər.
Sözügedən araşdırma üçün tədqiqatçılar Çinin Yunnan əyalətindəki altı şəhərdən 15 növü təmsil edən 149 fərqli yarasadan rektal nümunələr topladıqlarını bildiblər. Tədqiqat çərçivəsində canlı hüceyrələrdə olan nuklein turşusu olan RNT hər yarasa üçün ayrıca sıralanıb.
Nottingem Universitetinin virusoloqu Prof. Dr. Conatan Ball qeyd edib ki, təhlükə ondan ibarətdir ki, yarasalar eyni vaxtda bir neçə vurusu özündə daşıya və yoluxdura bilir: “Bu cür infeksiyalar, xüsusən də koronavirus kimi viruslarla əlaqəyə girərək, virusun yeni variantlarının yaranmasına səbəb olur”.
Alimlər həmçinin vurğulayıb ki, Çinin cənubunda yarasaların daşıdığı bu virus insanlara yoluxma potensialı olan beş təhlükəli virusdan biridir.