Dünyada ən çox yayılan əməliyyatlardan olan keysəriyyə kəsiyi qadınlar üçün əməliyyatdan sonrakı sağalma dövrünə görə problemə çevrilib. Lakin həkimlər bunun da çarəsini tapıblar.
Medicina.az xəbər verir ki, İsraildə artıq icra olunmağa başlanılan yeni əməliyyat tikişsiz, yarasız, sarğısız və tez sağalması ilə seçilir. Belə ki, tikiş izi bioyapışqanla birləşdirilir, 4 saatdan sonra qadın sərbəst qalxıb, gəzə bilir.
Yeni üsulla həyata keçirilən əməliyyatdan sonrakı müddət də daha qısa olur.
Cərrah Denis Fauk tərəfindən hazırlanmış əməliyyatda əzələ qatları kənardan mərkəzə - birləşdirici toxuma olmayan yerə doğru çəkilir. Bu da yara və kəsik izlərinin dərin olmamasına şərait yaradır.
Yeni metodun bir üstünlüyü də sidik kisəsinə kateter salınmasına ehtiyac olmamasıdır. Qadın əməliyyat vaxtı oyaq olur. Xüsusi boru ilə nəfəs alan qadının diafraqmasından uşaqlığa təzyiq olunur ki, bu da dölün asanlıqla çıxarılmasını təmin edir.
Yeni əməliyyatdan 2 sutka sonra pasiyenti evə göndərmək mümkün olur. Hələ ki 3 qadın üzərində aparılan yeni metodun tezliklə geniş tətbiqi gözlənilir.