Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni ildən dərmanlar bahalaşacaqmı? – Tarif Şurası cavab verdi

  • 2017.12.11 15:43
  • 28610 Baxış
Yeni ildən dərmanlar bahalaşacaqmı? –  Tarif Şurası cavab verdi
Bəzi vətənşlar apteklərdə dərmanların Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərdən baha satılması halları ilə rastlaşdıqlarını bildirirlər. Eyni zamanda, dərman preparatlarının 2018-ci ilin əvvəlindən bahalaşma ehtimalı əhalini narahat edən məsələlərdəndir.


Medicina.az xəbər verir ki, bütün bu suallara cavab almaq üçün virtualaz.org Tarif (qiymət) Şurasının Əczaçılıq sektorunun müdiri Ceyhun Məmmədova müraciət edib.


- Ceyhun müəllim, dərman preparatlarının qiymətləri Azərbaycanda hansı qanunvericilik aktları ilə tənzimlənir və bu tələblərə riayət olunmasına nəzarəti hansı struktur həyata keçirir?


- Dərman vasitələrinin qiymətlərinin dövlət tənzimlənməsi "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq həyata keçirilir.


Eyni zamanda, İqtisadiyyat Nazirliyi tərəfindən 2015-ci il 6 avqust tarixində təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları” qiymətlərin dərman vasitələrinin üzərində göstərilməsi qaydalarını tənzimləyir.


Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri” bölməsində dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində qanunvericilik aktları, istinad ölkələri üzrə istifadə olunan informasiya mənbələrinə keçidlər, dərman vasitələrinin qiymətlərinin hesablanması üçün kalkulyasiya və dərman vasitələrinin qiymətlərinin hesablanması alqoritmini özündə ehtiva edən bəyannamə formaları yerləşdirilib.

 


Qanunvericiliyə əsasən, hər bir dərman vasitəsinin ƏDV daxil olmaqla təsdiq edilmiş pərakəndə satış qiyməti qablaşdırmanın üzərində göstərilməlidir. Dərman vasitələri haqqında qanunvericiliyin pozulması inzibati məsuliyyət yaradır və bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə ki, dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənmədən satışına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 7000 manatadək məbləğdə cərimə edilirlər. Həmçinin, dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilirlər. Bu inzibati xətaların təkrar törədilməsinə görə isə, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 7000 manatdan 9000 manatadək məbləğdə cərimə edilirlər. Qiymət intizamına nəzarət İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilir.


Dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri ticarət adı, təsiredici maddənin adı və dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırmanın miqdarı, istehsalçı ölkə və şirkət, qüvvəyə minmə tarixi göstərilməklə təsdiq edilmişdir və vahid siyahı şəklində həm Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində, həm də İqtisadiyyat və Səhiyyə nazirliklərinin internet səhifələrində yerləşdirilib. İstehlakçılar həmin cədvəli mobil telefonlara və planşetlərə yükləməklə elektron kitabça kimi istifadə edə bilirlər. Həmçinin, dərman vasitələrinin qiyməti barədə İqtisadiyyat Nazirliyinin "Çağrı Mərkəzi” (195-2) vasitəsilə də məlumat almaq mümkündür. Beləliklə, aptekdən dərman vasitəsi alan zaman istehlakçıya qiymətin tənzimlənmiş qiymətlə eyni olub-olmadığını asanlıqla müəyyən etmək imkanı yaradılıb.


Vətəndaşlardan dərman vasitələrinin qiymətləri üzərində ictimai nəzarətin təmin olunmasında fəallıq göstərmələri və qiymət intizamının pozulması halları ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin "Çağrı Mərkəzi”nə (195-2), İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (tel: 4981501; 4981504) müraciət etmələri tövsiyə olunur.


- Sirr deyil ki, ölkəmizin apteklərində bəzi adda dərman preparatları müəyyən dövrdən sonra əlçatmaz olub və onların əvəzinə həmin tərkibə malik digər vasitələr təklif edilir. Azərbaycana idxal olunan dərman preparatlarının çeşidləri hansı orqan tərəfindən müəyyən olunur?

 


- Səhiyyə Nazirliyinin 2015-ci il 21 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na əsasən, həkim reseptinə dərman vasitəsinin ticarət adı deyil, onun tərkibi, yəni təsiredici maddəsinin adı yazılmalıdır.



Bu gün əhaliyə "əvəzedici” dərman vasitəsi kimi təklif olunan dərman vasitələri əslində eyni tərkibli dərman vasitəsinin fərqli ticarət adı altında təqdim olunmasıdır. Eyni tərkibli dərman vasitəsinin müxtəlif ticarət adı altında təqdim olunması istehsalçıların marketinq siyasətindən irəli gəlir. Belə ki, müxtəlif istehsalçılar tərəfindən eyni tərkibli dərman vasitəsinin fərqli adlarla, eyni istehsalçının eyni tərkibli dərman vasitəsini müxtəlif ölkələrdə fərqli adlarla, hətta eyni istehsalçının eyni ölkədə belə eyni tərkibli dərman vasitəsini fərqli adlarla satışa çıxarması dərman vasitələri bazarı üçün xarakterikdir və bütün ölkələrdə tətbiq edilir. Eyni tərkibli müxtəlif ticarət adlı dərman vasitələri "əvəzedici” adlansa da, mahiyyət etibari ilə eyni dərman vasitələridir.


Dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənmədiyi təqdirdə, rəqabət artdıqca əksər hallarda istehsalçılar miqdar ilə ifadədə azalan bazar paylarını qiymətləri artırmaqla məbləğ ilə ifadədə kompensasiya etməyə çalışırlar. Nəticədə, eyni tərkibli dərman vasitələrinin müxtəlif ticarət adları altında şişirdilmiş qiymətlərlə çoxsaylı əvəzediciləri formalaşır. Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində qiyməti optimal səviyyəyə endirmək istəməyən, marketinq siyasətini qiymət tənzimlənməsi şəraitində düzgün qura bilməyən istehsalçının "əvəzedici”si bazardan çıxır, bunun müqabilində onun yerini başqa istehsalçıların "əvəzedici”ləri, o cümlədən yeni dövlət qeydiyyatına alınan dərman vasitələri tutur.


Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi metodologiyası istinad ölkələri üzrə dərman vasitələrinin qiymətlərinin müqayisəsinə əsaslanır. Əgər bir "əvəzedici” bazardan çıxırsa, idxalçılar daxili tələbatı ödəmək üçün müxtəlif ölkələrdə həmin tərkibli dərman vasitələrinin digər istehsalçıları ilə razılığa gəlirlər və həmin istehsalçının birbaşa özünün və ya müvəkkil etdiyi şəxsin müraciəti əsasında qanunvericiliyə uyğun olaraq həmin dərman vasitəsi ölkəmizdə dövlət qeydiyyatına alınır və ölkəyə idxalına icazə verilir.

 


Məlumat üçün bildiririk ki, 70-dən artıq ölkədə fəaliyyət göstərən 1000-ə yaxın müəssisənin istehsalı olan dərman vasitələri Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Qiymətləri təsdiq edilən həmin dərman vasitələrinin idxalı hazırda 50-dən çox fəal idxalçı tərəfindən həyata keçirilir. Yeni dərman vasitələri dövlət qeydiyyatına alındıqca prosesin davamı olaraq yeni dərman vasitələri üzrə də qiymət tənzimlənməsi aparılır.


Qanunvericiliyə əsasən, yalnız faktiki satışda olan dərman vasitələrinin deyil, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiymətləri tənzimlənir. Belə ki, beynəlxalq təcrübədə də dövlət qeydiyyatından keçmiş dərman vasitələri adətən aktiv və passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır. Faktiki satışda olan dərman vasitələri aktiv, satışda olmayanlar isə passiv dərman vasitələri adlanır. Hər bir dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (Azərbaycanda qanunvericiliyə əsasən, qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq siyasəti və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv mövqedə olur.


Ona görə də, Tarif (qiymət) Şurası tərəfindən qiymətlər dərman vasitələrinin ticarət adlarına görə deyil, tərkibinə (təsiredici maddələrə) əsasən sıralanmış qiymət cədvəli formasında təsdiq edilir. Bununla yanaşı, istehlakçılar üçün əlavə məlumat kimi dərman vasitələrinin qiymət cədvəli həm də dərman vasitələrinin ticarət adlarına görə hazırlanaraq Tarif (qiymət) Şurasının rəsmi saytında "Dərman vasitələri” bölməsində yerləşdirilir.


Eyni zamanda, digər ölkələrdə olduğu kimi, "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə də bütün aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”na daxil edilmiş dərman vasitələrinin olması məcburidir və bu dərman vasitələrinin siyahı Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.


- Son günlər ərzində apteklərdə satılan bəzi dərman preparatlarının qiymətlərində artım hiss olunur. Bununla bağlı hər hansı qərar qəbul edilmişdirmi və edilibsə, həmin qərarla alıcılar harada tanış ola bilərlər?


- Dərman vasitələrinin qiymətlərində Tarif (qiymət) Şurasının qərarı olmadan hər hansı bir dəyişikliyin aparılması, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşdırılması qanuna ziddir.

 


Qeyd edək ki, son dəfə dərman vasitələrinin qiymətlərinin manatın məzənnəsinə uyğunlaşdırılması 2016-cı ilin 28 noyabr tarixində həyata keçirilib və həmin tarixdən sonra, yəni bir ildən artıqdır ki, dərman vasitələrinin qiymətləri üzrə indeksasiya aparılmayıb. Yuxarıda qeyd edildiyi kimi, dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri, həmçinin qüvvəyə minmə tarixləri göstərilməklə siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində yerləşdirilib.


Vurğulamaq yerinə düşərdi ki, digər ölkələrlə müqayisədə Azərbaycan dərman vasitələri ilə bağlı qiymət tənzimlənməsi sahəsində ən stabil qiymət siyasəti həyata keçirən ölkədir. Məlum olduğu kimi, dərman vasitələrinin mütləq əksəriyyəti idxal olunur. 2015-ci ildə 1 ABŞ dolları 0,78 manat təşkil etdiyi halda, hazırda 1,70 manat səviyyəsindədir və əgər tənzimlənmə aparılmasaydı, qiymətlər indiki səviyyədən dəfələrlə artıq olacaqdı.


Qanunvericiliyə uyğun olaraq, dərman vasitələri bütün aptek təşkilatlarında eyni qiymətlə - təsdiq edilən qiymətlə satılmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, vətəndaşların qiymət intizamının pozulması halları ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin "Çağrı Mərkəzi”nə (195-2), İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (tel: 4981501; 4981504) müraciət etmələri tövsiyə olunur.


- Bəzi hallarda xəstələrə Azərbaycanda satışda olmayan və tapılması qeyri-mümkün olan dərman preparatları təyin edilir. Apteklərdə bunların sifarişlə gətirilməsi mümkündürmü və bu iş necə tənzimlənir?

 


- Artıq qeyd edildiyi kimi, həkim reseptində dərman vasitəsinin ticarət adı deyil, tərkibi yazılmalıdır. Bəzi hallarda həmin tərkibdə dərman vasitəsi bir aptekdə satışda olmasa da, digər apteklərdə və ya depolarda mövcud olur.


Bütün hallarda aptek təşkilatları tərəfindən dərman vasitələrinin satışına o halda icazə verilir ki, yuxarıda qeyd edildiyi kimi istehsalçı və ya onun müvəkkil etdiyi şəxs tərəfindən dərman vasitəsi dövlət qeydiyyatından keçirilmiş olsun, Səhiyyə Nazirliyi tərəfindən idxalına icazə verilsin və Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiq edilsin. Dərman vasitəsinin aptek təşkilatında satılması üçün keyfiyyətə nəzarət və qiymət intizamı baxımından bu prosedurların tətbiqi mütləqdir.


Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən bütün aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”na daxil edilmiş dərman vasitələrinin olması məcburidir.


- 2018-ci ildə dərman preparatlarının qiymətlərində və Azərbaycana gətirilən dərman preparatlarının çeşidində hər hansı dəyişiklik gözlənilirmi?

 

 


- Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi mütəmadi xarakter daşıyır və yeni dərman vasitələri dövlət qeydiyyatına alındıqca prosesin davamı olaraq həmin dərman vasitələri üzrə qiymət tənzimlənməsi aparılır.

 


Məlum olduğu kimi, Tarif (qiymət) Şurasının 2017-ci ilin 8 dekabr tarixində keçirilən son iclasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 300-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib. Ümumilikdə, indiyədək ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10713 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq olunub.


Qanunvericiliyə əsasən milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsində 5 faizdən artıq dəyişmələr olduqda qiymətlərə növbədənkənar qaydada yenidən baxılır. Hazırda manatın məzənnəsində stabillik müşahidə edildiyindən məzənnə dəyişikliyi ilə bağlı qiymətlərdə hər hansı dəyişiklik nəzərdə tutulmur.


Tətbiq olunan mexanizmə əsasən, istehsalçı daha aşağı qiymətin təsdiq olunmasını istəyirsə, bunun üçün müvafiq qaydada müraciət edir və qiymət yenidən endirilir. Göründüyü kimi, mövcud mexanizmdə qiymətlərin endirilməsi istiqamətində rəqabət üçün geniş imkanlar nəzərdə tutulur.


Eyni zamanda, hansısa istehsalçı və ya onun müvəkkil etdiyi şəxs tərəfindən qiyməti tənzimlənmiş dərman vasitəsinin qiymətinin artırılması ilə bağlı müraciət daxil olarsa, digər ölkələr üzrə məlumatlar əsasında həmin müraciətin əsaslı olub-olmadığı araşdırılmaqla və etibarlı təchizatın təmin edilməsi baxımından Səhiyyə Nazirliyinin rəyi alınmaqla, müraciəti əsaslı olduğu halda həmin dərman vasitəsinin qiymətinə kollegial qaydada Tarif (qiymət) Şurasında baxıla bilər.
Yeni ildən dərmanlar bahalaşacaqmı? –  Tarif Şurası cavab verdi
Yeni ildən dərmanlar bahalaşacaqmı? –  Tarif Şurası cavab verdi