Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni dəb: “yuxu boşanması”

  • 2024.04.04 09:30
  • 1021 Baxış
Yeni dəb: “yuxu boşanması”
“Yuxu boşanması” mənfi bir ifadə kimi səslənsə də, əslində bir çox münasibətlərin sağlam və xoşbəxt qalmasına kömək edə bilər”.

Medicina.az xəbər verir ki, bunu klinik psixoloq Ezgi Uzun bildirib.

Onun sözlərinə görə, cütlüklərin ayrı çarpayılarda yatmasını nəzərdə tutan “yuxu boşanması” hər kəsə uyğun deyil. Ayrı-ayrı çarpayılarda yatmaq bəzi insanlara münasibətlərdə rahatlıq gətirərkən, bəzilərində də cütlüklər arasında ünsiyyətin qopmasına səbəb olur.

“İlk baxışda “yuxu boşanması” termini münasibət problemlərini nəzərdə tutsa da, bu, əslində insanların yuxu keyfiyyətini və münasibətlərini yaxşılaşdırmaq üçün istifadə etdikləri bir proqramdır. “Yuxu boşanması” romantik tərəfdaşların eyni yatağı bölüşməkdənsə, gecələr fərqli otaqlarda yatması deməkdir. Bu, “eyni yastıqda qocalmaq” deyimini tarixə çevirmək cəhdi deyil, sadəcə yuxu ehtiyaclarınızın partnyorunuzla eyni olmadığını göstərir”, - klinik psixoloq qeyd edib.

Ezgi Uzun yuxu boşanmasının evli cütlüklərin yuxu vərdişlərindəki uyğunsuzluqlar səbəbiylə ayrı yatması mənasına gəldiyini ifadə edərək deyir:

“Xüsusilə yuxu rejimlərindəki fərqlər, yataq otağında keçirilən vaxt fərqləri və ya yuxu zamanı yaşanan problemlər cütlüklər arasında gərginlik və münaqişələrə səbəb ola bilər. Bu cür problemlər zamanla yığılıb münasibətlərdə ciddi çətinliklər yarada bilər və nəticədə cütlüklərin ayrı yatmağı seçməsinə gətirib çıxara bilər”.

Mütəxəssis ayrı yatmağın hər zaman pis bir vəziyyətə işarə etmədiyini diqqətə çatdırıb:

“Müxtəlif səbəblərdən birlikdə yatmağın çətinləşdiyi hallarda, cütlüyün ayrı yatmağı seçməsi həll yolu ola bilər. Belə hallarda, yuxu vərdişlərindəki fərqlərin idarə olunmasında cütlük arasında açıq ünsiyyət və anlayış vacibdir. Ayrı-ayrılıqda yatmağı seçmək mütləq uyğunlaşma problemini və ya ünsiyyət çatışmazlığını göstərmir. Birinin yuxusu digərinə mənfi təsir edirsə və bu da həyat keyfiyyətini aşağı salırsa, “yuxu boşanması” həll yoludur. Ayrı yataq otaqlarında və ya müxtəlif vaxtlarda yatmaq hər iki tərəfdaşın yuxu keyfiyyətini yaxşılaşdıra bilər".

“Yuxu boşanması”nın digər səbəbinin də sağlamlıq problemləri ola biləcəyini ifadə edən Uzun sözlərinə belə davam edib:

“Xorlama, yuxusuzluq və ya digər yuxu pozğunluqları kimi sağlamlıq problemləri cütlüklərin birlikdə yatmasını çətinləşdirə bilər. Bu vəziyyətdə “yuxu boşanması” sağlamlıq problemlərini azaldır və cütlüklərin daha yaxşı yuxu almasına kömək edir.

Bəzən cütlüyün iş və ya təhsil proqramları fərqli ola bilər ki, bu da onların ümumi yuxu vaxtını tapmalarını çətinləşdirər. Bu vəziyyətdə, “yuxu boşanması” cütlüyün yatmaq üçün daha uyğun vaxtlar seçməyə və yuxu rejimini qorumağa kömək edə bilər. Belə hallarda yuxuda boşanma cütlüklərə zərər vurmaq əvəzinə münasibətlərini gücləndirə, onların daha sağlam həyat sürməsinə kömək edər. Əsas odur ki, cütlüklər bir-birlərinə hörmət etsinlər, ehtiyaclarını anlasınlar və ümumi həll yolu tapmaq üçün ünsiyyət qurublar".

Digər tərəfdən, Ezgi Uzun ortaq yuxu vaxtını paylaşmamağın cütlüklər arasında emosional məsafə yarada biləcəyini də etiraf edib. O, bu vəziyyətin əlaqənin gücünü və bağlılığı azalda biləcəyini söyləyir:

- Ayrı çarpayılar və ya yatmaq üçün ayrı vaxt seçmək cütlüklər arasında ünsiyyətin qopmasına səbəb ola bilər.

- Ayrılaraq yatmaq birlikdə keçirdikləri vaxtı azalda və əlaqələrdəki emosional bağları zəiflədə bilər.

- Ortaq yuxu vaxtını paylaşmamaq cinsi həyata təsir edə bilər. Birlikdə yatmaq cütlüklər arasında cinsi yaxınlığı artırır.

- Paylaşılan yuxu vaxtı etibar və bağlılıq hisslərinə təsir edə bilər.

- Ayrı-ayrılıqda yatmaq cütlüklər arasında vaxt idarə etmə problemlərinə və birlikdə görülən fəaliyyətlərin azalması ehtimalını gücləndirir.

Bu vəziyyətin hər cütlük üçün fərqli ola biləcəyini xatırladan Ezgi Uzun, “Ayrı yatmağın əlaqəyə təsiri cütlüklərin əlaqə dinamikasına, şəxsiyyətinə və ehtiyaclarına görə dəyişə bilər”, - deyə vurğulayıb.


Aysel