Toyuq bir az dən yeyib doyan kimi, nə qədər ac iştahlı olsa da yeməkdən erkən, tez doyan, çəkilən və daim toxluq, mədəsində sanki daş asılmış kimi hiss edən insanların əslində səhhətində problemlər var.
Medicina.az erkən toxluğun simptom və səbəblərini təqdim edir.
Qarşısındakı bir boşqab yeməkdən bir dişləm alan kimi "doydum” deyənlər bu xəstəliklərdən şübhələnməli və düzgün diaqnoz üçün həkimə müraciət etməlidirlər.
Daha çox qadınlarda rast gəlinən bu problem irəlilədikcə çox yedikdə ürəkbulanma, hətta qaytarmaya səbəb olur, çəki azalır, insan gündəlik kalorisini almadığı üçün mikroelement və vitamin defisiti yaranır, metobolizm pozulur və orqanizmin sistemlərində problemlər başlayır.
Səbəblər:
1.Mədənin işində pozulma
Toxluq sindromu yaşayan pasiyentlərdə mədə akkomodasiyası, yəni yuxarı şöbəsinin divarlarının tonusunun normadan artıq çoxalması və qida rezervuari həcminin kiçilməsi baş verir. Mədədə qidanı itələyən hissə tormozlana, orqanın boşalması ləngiyə də bilər. Nəticədə insan bir az yedikdən sonra toxluq hiss edir.
2.Qastroparez
Ən geniş yayılmış xəstəliyidir. Qida mədədə uzun müddət qalır, gec həzm olur, irəliləmir və toxluq illüziyası yaranır. Xəstəlik mədə divarı əzələsinin patoloji pozulmasıdır. Qastroparezin digər əlamətləri: qarında ağrı, ürəkbulanma, köp, mədədə yanma, halsızlıq, çəkidə itki.
Qida qəbulunu məcburi artıranda isə qusma belə olur. Qastroparez özü də yanaşı digər ağır xəstəliklərin fonunda yaranır: diabetdə, Parkinson xəstəliyi, dağınıq skleroz, anoreksiya, bağırsaqlarda keçməməzlik, əməliyyatdan sonra, bulimiya, sinir, əsəb xəstəlikləri. Bu xəstəlikdən əziyyət çəkən insanlar depressiya və gərginliyin də əsiri olurlar.
3.Qıcıqlanmış bağırsaq sindromu
Yoğun və nazik bağırsaq divarı, selikli qişası və ümumilikdə işində çox səbəblərdən qaynaqlanan problemdir.
Qarında, mədədə spazmlar, dəhşətli köp, diareya və ya qəbizlik, iştahsızlıq, erkən toxluq sindromlarıdır.
Qıcıqlanmış bağırsaq sindromu çətin müalicə olunur, tez-tez qayıdır və neqativ təsiri təkrarlanır. Bu xəstələr də əsəbi, gərgin və depressiv olur.
4.Qarın boşluğu orqanlarının şişi
İştahsızlıq, müntəzəm çəki itkisi, dadbilmənin dəyişməsi, toxluq, heç acmamaq qarın boşluğu və döş qəfəsi orqanlarında bədxassəli törəmənin də göstəricisi ola bilər. Eləcə də ağızda quruluq, xroniki yorğunluq, zəiflik də bunun əlamətidir.
4.Mədənin özünün müxtəlif xəstəlikləri
Bura hazırda geniş yayılmış xora, yara, qastrit, reflüks, yırtıq və s. aiddir.
Uzunmüddətli, patoloji olaraq toxluq problemində insan qidalı maddələr, zülal, B12, dəmir, fol turşusu, kalsium almadığı üçün anemiya, osteoporoz, əzələ zəifliyi, xroniki yorğunluq, baş beyin pozğunluğu ilə üz-üzə qala bilər.
Əgər bu toxluq hissinə qusma, qızdırma və ya bədənin soyuması, titrətmə, öyümə, nəcisdə qan, ağrı, diareya və ya qəbizlik də qoşulubsa ilk növbədə terapevt və qastroenteroloqa müraciət etməlisiz.
Diaqnoz üçün:
Qan, nəcis, sidik analizi, vitamin, mikroelement analizi, rentgen, UZİ, qastroendeskopiya və kolonoskopiya olunur. Lazım gələrsə KT təyin edilir.
Əgər ciddi xəstəlik yoxdursa, problem yeni başlayıbsa özünüzə kömək məqsədilə az-az amma tez-tez yeməli, iştahartırıcı dərmanlar qəbulunu, mədəni aktivləşdirən fermentativ dərmanlar qəbul edə bilərsiz. Yağ və karbohidratı azaldın, onlar gec həll olur. Çörəksiz yeyin. Elcə də dietoloq məsləhətindən faydalıb, xüsusi qida pəhrizi təyin edin.