Aparılan araşdırma nəticəsində məlum olub ki, yemək yeyərkən telefondan istifadə edən və ya televizora baxanların artıq çəkidən əziyyət çəkmək ehtimalı daha yüksəkdir.
Medicina.az xəbər verir ki, bu, xüsusilə də uşaqlarda çox müşahidə edilir.
Mütəxəssislər bildirirlər ki, bütün ailənin bir araya yığışdığı ənənəvi yemək süfrələri artıq tarixə qarışır və ekranların diqqəti yayındırması uşaqların tox olduqlarını dərk etmələrinə mane olur. Buna görə də uşaqlıqda piylənmə problemi getdikcə artır.
Portuqaliyanın Minho Universitetindən bir araşdırma qrupu 6-10 yaş arası 735 uşağın yemək vərdişlərini araşdırıb. Hər bir uşaqdan 24 saat ərzində istehlak etdikləri qidalar və onların miqdarı soruşulub. Həmçinin valideynlərinin yemək vaxtı ekrandan istifadə ilə bağlı tətbiq etdikləri qaydalar da araşdırılıb. Nəticədə məlum olub ki, yemək yeyərkən cihazlardan istifadə etməyə icazə verilən uşaqların, icazə verilməyənlərlə müqayisədə artıq çəkidən əziyyət çəkmək ehtimalları 15 faiz daha çoxdur.
Venesiyada keçirilən Avropa Obezite Konqresində çıxış edən baş tədqiqatçı Dr. Ena Duarte deyib:
"Hazırda o qədər məşğuluq ki, bir yerdə ailə yeməyinə oturmağa vaxtımız yoxdur. Uşaqlar yemək yeyərkən televizorda və ya telefonda nəsə seyr edirlər. Diqqətləri yayındırdıqları üçün toxluq hiss etmədən yemək yeməyə davam edirlər”.
Uşaq İnkişafı Fondunun həmtəsisçisi Tem Fray da bu fikirləri dəstəkləyib:
"Ailə yeməkləri sürətlə uzaq bir xatirəyə çevrilir və kök uşaqlar əvvəllər yalnız yaşlılarda müşahidə olunan xəstəliklərdən əziyyət çəkirlər. Piylənməyə qalib gəlmək üçün ilk ağlabatan strategiyanın dərc edilməsindən 20 il keçib, lakin biz problemi həll etməkdən həmişəkindən daha uzağıq”.
Qeyd edilir ki, ekran qarşısında çox vaxt keçirmək yüksək qan təzyiqi, diabet və qeyri-kafi yuxu kimi sağlamlıq problemləri ilə də əlaqələndirilir.
“Ofcom”un məlumatına görə, İngiltərədəki uşaqların təxminən 91 faizi 11 yaşına çatmamış smartfona sahib olur. Səkkiz yaşlı uşaq adətən hər gün internetdə iki saat 45 dəqiqə vaxt keçirir. Onlar orta məktəbə başlayanda bu vaxt gündə dörd saata qədər artır.
Aysel