HƏKİMLƏR İNFEKSİYADAN QORXUR?
Pasiyentlərin bakteriya və infeksiyalara yoluxub-yoluxmadığını kim müəyyən etməlidir?
Temperatur 36 dərəcəni keçən kimi insanlarda halsızlıq, mədə-bağırsaq pozuntuları, zəhərlənmə, qusma, ishal, diareya simptomları baş qaldırır. Qarda-qışda belə hərarəti olmayan birinin yay vaxtı qızdırması qalxır. Əgər qızdırma ilə yanaşı diareya və qusma varsa, deməli, bağırsaq qripinə yoluxmusunuz.
Medicina.az-ın əməkdaşı öz başına gələn hadisə barədə yazır:
"Dəhşətli istilər başlayandan mədəmdə yanğı, ağırlıq, bağırsaqlarda sancı, ürəkbulanma, halsızlıq hiss etməyə başladım. Uşaqlıqdan həssas mədə-bağırsaq sisteminə malik olduğumdan zəhərləndiyimi düşündüm. Zəhərlənməyə qarşı tədbirlər görsəm də, simptomlar azalmırdı. O zaman sahə poliklinika həkiminə üz tutdum. O palpasiya ilə məni yoxladı, hərarəti ölçdü, nə yediyimi soruşdu. Bütün günü yollarda, işdə ayaqüstü daha nə yemirdim ki...? Mənə Motilium və qara kömür yazdı. 2 gün sonra halım düzəlmədiyindən bu dəfə özəl klinikaya müraciət etdim. Tanınmış terapevtin qəbulu: yenə palpasiya, qan analizi və qastritdən şübhələnməyə görə Bor qəbulu ilə mədə-qida borusunun rentgeni təyin olundu. Hamısından keçdim və 100 AZN-ə yaxın vəsait xərcləndi.
Nəticə: heç bir qastrit və fiziki simptom yoxdur.
Müalicə: mədə spazmını aradan qaldıran bir tablet, süd kimi emulsiya və daha bir preparat.
Həkimə inanaraq çıxdım, 2 gün də onun müalicəsinə davam etdim. Sonda kəskin diareya, qaytarma, həzmin pozulması, hərarətlə baş-başa qaldım.
Mən yay qripi – bağırsaq qripinə tutulmuşdum. Qrip 2 gün davam etdi, mədə və bağırsaqların mikroflorasını təmzimləmək üçün bol su, Regidrol, Lineks və qara kömür qəbul etdim. Bir sözlə, ev şəraitində öz-özümü müalicə etməyə başladım.
Təəssüf ki, 1 həftə boyu gəzdiyim həkimlər heç biri xəstənin yemək, su, havadan hansısa infeksiyaya yoluxub-yoluxmamasını təxmin belə etmədi.
Niyə bizim həkimlər infeksiya və bakterial müayinələrdən bu qədər yan qaçırlar? Laboratoriya cavablarını gözləməsinlər deyəmi, ya pasiyent pulunu keçirib, davamı nə olar-olar deyəmi?
Terapevtlər pasiyenti UZİ, rentgen, az qala MRT-dən keçirirlər, amma nəcis, qan, sidiklə infeksiya olub-olmamasını yoxlamaqdan söz belə açmırlar. Halbuki müasir tibb infeksiyaların ucbatından ağırlaşmaların, xəstəliklərin yaranmasını az qala car çəkir.
Məlumdur ki, bakteriyalar, infeksiyalar insanı günlərlə daxildən yeyib-yeyib, ağırlaşmalara yol aça bilər.
İnfeksiyalara baş qoşmayan həkimlərimizin sayəsində mənim 1 həftə ərzində 100 AZN xəstəxanaya, 45 AZN resept dərmanlarına xərcim çıxdı. Amma yenə də orqanizm öz-özünü qorumaq mexanizmini işə saldı, siqnallar verdi və özünü təmizləməyə keçdi.
Odur ki, biz sizə bu xəstəliyin səbəblərini, simptomlarını və müalicə -müayinə yollarını izah edirik.
Yay boyu aktual olan bağırsaq qripinin - Rotarovirus infeksiyanın simptomları:
-Tsiklik olaraq, 1-2-3 mərhələlidir. Kəskinləşsə, 7 günə kimi davam edə bilər
-Qarında burulğan, səslər
-İştahsızlıq
-Gəyirmə
-Qarında, mədədə, qabırğalar ətrafında sancılar
-Yorğunluq, halsızlıq
-Qarın hissədə, kürəkdə bədənin istiliyinin artması
-Ürəkbulanma, yüngül öskürək
-Nəcisin getdikcə durulaşması, selikli olması, pis qoxu, sarı rəng alması
-Hərarətin qalxması, qusma, baş gicəllənmə
-Dil üzərində kəskin ərp.
Bu xəstəlik insanın immunitetindən çox asılıdır. İmmuniteti və həzm sistemi möhkəm insanlarda daxildə mikrofloranın pozulması olsa da proses gizli gedir, büruzə vermir. Lakin bir-iki dəfə təkrarlandıqdan sonra, immunitet zəifləyir.
Müayinə, diaqnostika:
-Həkim tarepevt və infeksionistin müayinəsi
-Həkim simptomları ayırd etməlidir: qastrit, entekolit, disbakterioz, zəhərlənmə və ya daha başqa xəstəliyi fərqləndirməlidir
-Amma mütləq bir sıra laborator müayinələrdən keçməlidir. Bu proseslər zəncirvaridir, uzundur, amma diqqətdən yayınmamalıdır
Mənbəyi müxtəlifdir:
-İlk növbədə yoluxmuş insan. Bu ailə üzvü, iş yoldaşı, yanında çox olduğunuz adamlar, restoranlarda sizə qulluq edən aşpazdan tutmuş ofisianta kimi hər kəs ola bilər. Ona görə, mənbəyi tapmağa və izolə olunmağa baş qoşmaq mənasızdır.
-Çirkli əllər
-Yaxşı yuyulmamış meyvə-tərəvəz
-İçdiyiniz su – kran suyundan tutmuş satışda olan sulara kimi
-Yararsız süd məhsulları, dondurma, kokteyllər
-Yeməklər, yaxşı bişməmiş ət, vaxtı keçmiş ərzaq - nəzərə alsaq ki, bu viruslar hətta soyuducuda da ölmür, onda soyuducuda qalan ərzaq təhlükəsiz sayılmır
-Dəniz, hovuz suyu
-Stress, nevroz və ən təhlükəlisi müxtəlif antibiotiklərin qəbulu.
Bizim əksər həkimlər adi öskürəyi belə antibiotiksiz müalicə etmirlər. Lakin antibiotiklər bağırsaq mikroflorasını məhv edir. İl ərzində 1-2 dəfə antibiotik qəbul etmək kifayətdir ki, disbakterioz kimi xəstəliyə yoluxasınız.
Daha çox uşaqlarda fəsadlar yarada biləcəyindən, ilk simptomlardan müdaxilə olunmalıdır.
Nələr edə bilərsiniz:
-İshal, diareya və qusma ilə orqanizm su və duz itirir. Bu da əzələ boşalması, susuzlaşma, halsızlıq yaradır. Ona görə əl altında mütləq Regidron olmalıdır.
Orqanizm üçün lazım olan duz və maddələri özündə birləşdirən toz kimi preparat suda həll olunub, hər 20 dəqiqədən bir az qurtumlarla içilir.
-Həmçinin qara kömür ( hər 10 kq çəkiyə bir tablet hesablanır) qəbul olunur.
-Laktos tərkibli preparatlar – Açilakt, Lineks – həkim məsləhəti ilə seçilir.
-Yaxşı olar ki, qida qəbulu azalsın. Sadəcə ilıq çaylar, kompotlar için. Süd,qatıq və ayran bu xəstəlikdə işə yaramır.
-Yalnız qusma və ürəkbulanma tam dayandıqdan sonra az-az qida qəbuluna başlamaq olar.
Əvvəlcədən bu xəstəlikdən sığortalanmaq üçün profilaktik vaksinlər vurdurmaq mümkün deyil. Hazırda dünyada 2 vaksin var ki, onlar da yalnız ABŞ və Avropada tətbiq olunur. Hələ ki, bizə və yaxın ölkələrə gəlib çatmayıb.
Aygün