Yay aylarının gəlişi ilə tətil planları hazırlanır. Dəniz, günəş və qum üçlüyü bütün cazibəsi ilə insanları cəlb edir. Lakin bunlar həm də yayı kabusa çevirə biləcək təhlükələr ehtiva edir.
Çünki isti hava, rütubət, dəniz, hovuz və ümumi tualet və s. əsasən də qadınlar üçün ciddi infeksiya riskləri yarada bilər.
Medicina.az xəbər verir ki, ginekoloq Dr. Salih Yılmaz yay aylarında qadınlarda rast gəlinən 3 əsas infeksiyadan və onlardan qorunma yollarından danışıb.
1.Vaginal infeksiyalar
“Yayda isti və rütubətli mühitlər, dəniz və hovuzda çimmək qadınların genital florasının pozulmasına səbəb ola bilər.
Dar alt paltarı geyinmək, dənizə və ya hovuza getdikdən sonra yaş çimərlik paltarını dəyişməmək, suda çox qalmaq risk faktorlarıdır.
Vaginal floranın pozulması ilə göbələk və bakterial infeksiyaların baş verməsi arta bilər.
Nəticədə cinsiyyət nahiyəsində qaşınma, axıntı, yanma hissi və cinsi əlaqə zamanı ağrı yarana bilər. Bu əlamətlər qadınların gündəlik fəaliyyətlərinə və münasibətlərinə mənfi təsir göstərir”, - deyə həkim bildirib.
Dr. Salih Yılmaz qeyd edib ki, bu problemlərin qarşısını almaq üçün ilk növbədə vaginanın içi yuyulmamalı, gündəlik bezlərdən istifadə edilməməli, pambıq alt paltarına üstünlük verilməli, yaş çimərlik paltarları dərhal dəyişdirilməli, suda uzun müddət qalmamalı və vagina quru saxlanmalıdır.
“Bundan əlavə, şirin qidaların az istehlakı və probiotiklərlə zəngin bir pəhriz vaginal floranın güclü olmasına kömək edir.
Hansısa infeksiya inkişaf edərsə, həkimə müraciət edilməlidir. Vaginal infeksiya həkimin tövsiyəsi ilə yerli olaraq qəbul edilən antibiotiklər və göbələk əleyhinə dərmanlarla müalicə edilə bilər. Tez və düzgün müalicə çox vacibdir. Əks halda, təkrarlanan davamlı infeksiyalar inkişaf edə bilər”, - deyə ginekoloq diqqətə çatdıb.
2. Sidik yolu infeksiyaları
Həkim bildirir ki, yay aylarında tez-tez dənizdə və ya hovuzda çimmək sidik yolu infeksiyalarının artmasına səbəb ola bilər:
“Eyni zamanda, tərləmə ilə artan maye itkisinə cavab olaraq çox maye qəbul edilməməsi bu prosesin ağrılı olmasına səbəb olur. Sidik ifrazı azaldıqca bakteriyaların sidik kisəsinə keçməsi sürətlənir. Bu, ilk növbədə sidik kisəsinin infeksiyası (sistit) kimi başlayır. Simptomlar tez-tez sidiyə getmə, sidik ifrazatı zamanı yanma hissi və sidiyin bulanıq rəngdə olmasıdır”.
Həkimin sözlərinə görə, zərərli bakteriyaların yoluxma riskinin artdığı xüsusilə hovuz və paltar dəyişmə kabinələri kimi ümumi yerlərdə diqqətli olmaq lazımdır:
“Hovuzdan/dənizdən əvvəl və sonra mütləq duş qəbul etməlisiniz. Çirkli görünən dənizlərdə və ya təmizliyi şübhə doğuran hovuzlarda üzməməlisiniz. Vanna yerinə ayaq üstə duş almalısınız.
Problem yarandıqda həkimə müraciət etməli, tövsiyə olunan müalicəni izləməli və bol miqdarda su içməlisiniz. Əks halda bu cür hallar böyrəkləri zədələyə və daha ciddi xəstəliklərə yol aça bilər”.
3. Göbələk infeksiyaları
“Göbələk infeksiyaları rütubətli və isti mühitlərdə daha çox olur. Nəmli yerlərdə göbələklərin böyüməsi daha asandır. Xüsusilə çox tərləyən və nəmli qalan bədən hissələrində (qoltuqaltı, qasıq nahiyəsi) göbələk infeksiyaları baş verə bilər. İlkin simptomlar qaşınma, qızartı və dəri töküntüsüdür”, - deyə həkim bildirib.
Ginekoloq immunitet sistemini gücləndirmək üçün sağlam, xüsusilə mövsümi tərəvəz və meyvələrlə qidalanmağı, bol su içməyi, lazımsız antibiotik istifadə etməməyi, gigiyena qaydalarına əməl etməyi, ümumi yerlərdə lazımi tədbirləri görməyi, şəxsi əşyaları başqaları ilə paylaşmamağı tövsiyə edib.
“Göbələk infeksiyalarından qorunmaq üçün bəzi sadə, lakin təsirli qaydalara riayət etmək çox vacibdir. Mümkün problem olduqda həkimə müraciət edilməli və tövsiyə olunan göbələk əleyhinə kremlər və dərmanlarla müalicə aparılmalıdır”, - deyə ginekoloq vurğulayıb.
Aysel