Bəzi ictimai-iaşə obyektlərində soyuq zəncirvari sistem qorunmur. Bu səbəbdən də yay aylarında qida zəhərlənmələri artır.
Medicina.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədovanın sözlərinə görə, dönər və digər “fast-food” satışı həyata keçirilən yerlərdə bu qaydalara daha çox əməl olunmur:
“Dönərxanalarda ət, mayonez kimi məhsullar daimi soyuducuda saxlanılmadığına görə öz keyfiyyətini itirir. Yay aylarında bütün məhsullar qısa zamanda xarab olur. Belə risklərə görə gigiyenik normativlərə tam əməl olunmalıdır. Yaxşı olar ki, yay aylarında dönər və digər ayaqüstü qidalardan mümkün qədər az istifadə edilsin. Çünki adi halda insanlar dönərin və ya bu tipli qidaların hazırlandığı məhsulların keyfiyyətini öyrənə bilməz. Bu səbəbdən də mümkün qədər ehtiyatlı olmaq lazımdır”.
“Uşaqlarda zəhərlənmə baş verəndə çəkisinə uyğun olaraq, hər 10 kiloqrama 1 ədəd aktivləşdirilmiş kömür verilməlidir. Ev şəraitində uşağın mədəsinin yuyulmasını tövsiyə etmirəm. Zəhərlənən uşağa bol miqdarda maye verilməlidir. Əgər əlamətlər keçərsə, növbəti gün sahə pediatrına müraciət edilə bilər. Əks halda, uşaq dərhal xəstəxanaya çatdırılmalı və ona ilkin tibbi yardım göstərilməlidir.
Yetkin insanlarda zəhərlənmə baş verdiyi zaman 10 ədəd aktivləşdirilmiş kömür əzib içmək lazımdır. Bol miqdarda maye qəbulu da vacibdir. Böyüklərdə qida zəhərlənməsi baş verdiyi zaman ev şəraitində mədəni yumaq və imalə etmək olar. Lakin bütün hallarda ən doğru addım zamanda həkimə müraciət etməkdir”.
Zəhərlənmələrdən yayınmaq üçün qidaların satın alınması, hazırlanması, bişirilməsi və saxlanması qaydalarına, o cümlədən gigiyenaya diqqət edin. /lent.az/