Xanımların yay istirahəti dövründə vaxt edib, üzlərinə kosmetoloji qulluq və müalicə etdirdiyini nəzərə alıb, yayda isti hava ilə əlaqədar hansı prosedurların olunub-olunmaması ilə maraqlandıq.
Yayda kimyəvi pilinqlərin qadağan olunduğunu bir çoxları bilir. Amma hələ də sosial şəbəkələrdə müxtəlif salon və " kosmetoloqlar” müştəriləri cəlb etmək üçün pilinqlərə endirim edərək, çox az qiymətə effekt vəd edirlər. Ümumiyyətlə, dərinin kimyəvi turşularla soyulnası nə dərəcədə zərərsizdir və kimlərə olmaz?
Bioloji Təbabət klinikasının peşəkar həkim kosmetoloqu Sevinc Cəlilova xanımları yayda diqqətli olmağa və hər reklama aldanmamağa çağırdı:
" Yay aylarında üzün mexaniki təmizlənməsi, plazmaterapiya, yüngül mezoterapiya, qidalandırıcı kokteyllərin yeridilməsi prosedurları oluna bilər və olunmalıdır. Xüsusən yayda üzün mexaniki, məsamələrin təmizlənməsi vacibdir, çünki yayda dəri daha çox çirklənir.
Amma yayda botoks, gialuron turşulu fillerlər, dolğular yaxşı olar ki, ediıməsin. Çünki günə çıxdıqda, dənizə getdikdə, gün istisindən dəri altına yeridilən bu maddələr tər vasitəsilə çıxır. Belə deyək əriyir və effektini itirir. Əgər botoks və dolğu etmək çox vacibdirsə, o zaman azı 2 həftə gün vannası qəbul olunmamalı, sərin yerdə oturmalıdırlar.
Amma yenə də yay istirahəti dövründə və isti havalarda belə preparatların vurulduğu prosedurlar pasiyentin istirahətini pozmamaq üçün təxirə salınmalıdır.
O ki qaldı, pilinqlərə. Bioloji Təbabət klinikasında kosmetologiya bölməmiz ümumiyyətlə kimyəvi pilinqlərin əleyhinədir. Biz yalnız mexaniki pilinq edirik.
Çünki bizim məqsədimiz orqanizmə zərər verməməkdir. Bütün kimyəvi pilinqlər – sarı, qara və s. dərinin səthini, tərkibini, keyfiyyətini dəyişir və itirir.
Pilinq zamanı dərinin buynuz qişasının qalınlığı, vəziyyəti nəzərə alınmalıdır. Hər dərini, xüsusən zərif, incə, nazik dəriləri kimyəvi pilinq etmək olmaz. Sosial şəbəkələrdə əvvəl-sonrakı şəkillərə aldanmayın. Bəzən fotoları proqramla elə işləyib qoyurlar ki, bir kosmetoloq kimi baxanda aydın görünür ki, bir pilinqlə elə nəticəyə gəlmək olmaz.
Üz dərisinin epidermis qatı kimyəvi və mənşəyi bilinməyən pilinqlərdən korlanan, yanan çox pasiyentlər qəbul etmişik.
Kosmetoloq pasiyentin istəyinə görə onun üzünü istədiyi pilinq növü ilə soya bilməz. Bu tibb qanunlarına ziddir. Ümumiyyətlə, pasiyentin üzünə, probleminə görə qulluğu, proseduru, vasitəni həkim özü təyin etməlidir.
Kosmetoloqların kabinetində divarboyu düzülən çoxlu sertifikatlar da həmin kosmetoloqun həkim olduğunu göstərməz. Hər şirin vədə və ucuz qiymətlərə aldanaraq üz dərinizin epidermisini pozmayın. Sonradan onu bərpa etmək çox çətin olacaq”