Yaxın zamanlarda insanlar sadəcə bir həb qəbul etməklə yuxularını idarə edə biləcəklər.
Medicina.az xəbər verir ki, şüurlu yuxu – insanın özünü yuxuda olduğunu dərk edərək, yuxugörməsi prosesidir. Adi yuxu zamanı insan tamaşaçı qismində çıxış edir. Yəni sanki film izləyir. Amma şüurlu yuxu zamanı insanın öz hərəkətlərini idarə etməsi mümkündür. Bu zaman yuxu görən şəxs ətrafında baş verənləri idarə etmək iqtidarında olur.
Şüurlu yuxu anlayışı kifayət qədər araşdırılmasa da, alimlərə çoxdan məlumdur. İndi isə şüurlu yuxugörməni təmin etmək mümkün olacaq. Havay və Viskonsin-Medison Universitetlərinin alimləri apardıqları araşdırma nəticəsində bu qərara gəliblər. Xüsusi təcrübə nəticəsində məlum olub ki, Altsheymer xəstələrinin qəbul etdikləri preparatlar şüurlu yuxugörməni tətikləyir. Preparatın dozasının artırılması zamanı da şüurlu yuxugörmənin 2 dəfə artdığı müşahidə edilib. Bu preparatın tərkibində olan maddələrin beyinə təsiri nəticəsində insan yuxuda olduğunu dərk edəcək və öz hərəkətlərini idarə edə biləcək. Preparat tez yuxu fazasında fəaliyyətdə olan reseptorlara qıcıqlandırıcı təsir göstərir. O, həmçinin, yaddaşın işini də sürətləndirir. Belə ki, şüurlu yuxu iti yaddaş, müsbət emosiyalar, idrak aydınlığı və s. nəticəsində meydana çıxır.