Ötən gün Rusiyanın paytaxtı Moskvada 1 560 nəfərə COVID-19 diaqnozu qoyulub, 1 227 nəfər sağalıb. Bu, son aylar şəhərdə qeydə alınan ən yüksək yoluxma sayıdır.
Medicina.az xəbər verir ki, bunu paytaxtın Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, yoluxma ilə əlaqədar xəstəxanaya yerləşdirilənlərin sayında da kəskin artım müşahidə olunub. Belə ki, son 24 saatda Moskvada 797 nəfər xəstəxanaya üz tutub. Eyni dövr ərzində 14 nəfər virusdan ölüb. Yeni qeydə alınmış yoluxmaların böyük hissəsi gənc əhalinin payına düşüb. Yoluxanların 14,1%-i uşaqlar, 40,3%-i yaşı 18-dən 45-dək olan şəxslər, 21,9%-i yaşı 46-dan 65-dək olanlar, 16,1%-i yaşı 66-dan 79-dək olan ahıllar, 7,6%-i isə yaşı 80-i ötmüş qocalardır.
Beləliklə, Rusiya paytaxtında indiyədək 281 968 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 5 129-u pandemiyanın qurbanı olub, 242 883 nəfər isə sağalıb.
Paytaxtın Operativ Qərargahı bildirib ki, analoji vəziyyətə Avropanın bir çox şəhərlərində rast gəlinir. Qeyd olunub ki, sentyabrda İspaniyanın paytaxtı Madriddə gündəlik Moskvadan 3,5 dəfə daha çox – 5 500-dən çox yoluxma halları qeydə alınıb. Qurumun məlumatında Avstriyanın paytaxtında da yoluxma halları sayının artdığı vurğulanıb.
Paytaxtda yoluxma hallarının artımı ilə əlaqədar şəhər meri Sergey Sobyanin böyük şirkətlərə müraciət edərək qismən də olsa distant iş rejiminə keçməyi tövsiyə edib. Bundan başqa, S.Sobyanin yaşlılara müraciət edərək ciddi ehtiyac olmadıqda küçəyə çıxmamağa çağırıb.
Qeyd edək ki, yoluxma hallarının sayına görə Moskva ABŞ-ın Nyu-York şəhərini də (246 198 yoluxma) ötüb. Şəhərdə ilk yoluxma faktı martın 2-də İtaliyadan qayıdan rusiyalı turistdə qeydə alınıb.