Hamiləliyin 12-ci həftəsində olan xanımlar koronavirusa qarşı vaksin oluna bilərlər.
Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksiyon xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev qurumun “Facebook” səhifəsində bildirib.
Vaksinasiya ilə bağlı vətəndaşları maraqlandıran sualları cavablandıran infeksionist bildirib ki, hər hansı allergik xəstəliyin olması, xroniki xəstəliklərdən şəkərli diabetin olması peyvəndləmə üçün əks göstəriş hesab olunmur:
“Hazırda hamilə qadınlar arasında vaksinasiya prosesi aparılır. Hamiləliyin 12-ci həftəsindən sonra xanımlar “Pfizer” peyvəndini vurdura bilərlər. Xüsusilə yaşı 35-dən yuxarı olan hamilələr, şəkərli diabet, xroniki xəstəliyi olanlar, piylənmə, hipertenziya, böyrək və qaraciyər xəstəliyi olan şəxslərin risk qrupuna daxil olduqlarını nəzərə alaraq vaksinasiya edilmələri tövsiyə olunur”.
Həkim infeksionist hazırda infeksion xəstəliklərin kəskinləşmə mərhələsi və xroniki xəstəliklərin kəskin dönəmində olanların vaksinasiyasının tövsiyə olunmadığını bildirib:
“Bu şəxslərə öz həkimləri ilə məsləhət etmələri tövsiyə edilir. Əgər həkim uyğun görərsə, həkim komissiyasının rəyinə əsasən əks göstəriş sertifikatı verilə bilər”.