Azərbaycanda yaşı 30-dan yuxarı olan insanların əsas ölüm səbəbi qeyri-yoluxucu xəstəliklərdir.
Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande
Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə
mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib.
Onun sözlərinə görə, Azərbaycanda insanlar arasında ən çox
yayılan qeyri-yoluxucu xəstəlik hipertoniyadır (qan təzyiqinin
yüksəlməsi).
Hipertoniyanın insanlarda ürək qan-damar xəstəliklərinə,
xüsusilə insult və infarkta səbəb olduğunu qeyd edən H.Harmancı əlavə
edib ki, Azərbaycanda insanlar arasında bundan sonra daha çox yayılan
xəstəliklər şəkərli diabet, xərçəng, xroniki tənəffüs yolları
xəstəlikləridir: "Qeyri-yoluxucu xəstəliklər adətən genetik, fizioloji,
ətraf mühit və davranış faktorlarının kombinasıyası olan və uzun müddət
davam edən xroniki xəstəliklərdir. Tütündən istifadə, fiziki
hərəkətsizlik, havanın çirklənməsi, spirtli içkilərdən istifadə,
qeyri-sağlam pəhriz qeyri-infeksiyon xəstəliklərdən əziyyət çəkən
insanların sayının artmsına səbəb olur.
ÜST rəsmisi qeyd edib ki, Avropada ölümlərin təxminən
90%-ni təşkil edən qeyri-infeksiyon xəstəliklər əhalinin rifahına,
xəstələrin müalicəsi üçün çalışan səhiyyə sistemlərinin inkişafına,
bütövlükdə bölgənin iqtisadi inkişafına və artan qeyri-bərabərliyə ciddi
təsir göstərir:
"Bu yük aşağı və ortagəlirli ölkələrdə qeyri-bərabər dərəcədə
artmaqda davam edir. Həssas qrupun üzvü olan və sosial cəhətdən
imtiyazsız insanlar yüksək sosial statusa malik insanlardan daha tez
xəstələnir və dünyasını dəyişirlər. Çünki onların tütün və qeyri-sağlam
pəhriz kimi zərərli məhsullara məruz qalma riskləri daha yüksəkdir və
tibbi xidmətlərə məhdud çıxışları var".