“Bu günə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 65 milyon manata yaxın vəsait ianə edilib”.
Medicina.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun yaradılmasının bir illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında “ASAN xidmət”in sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, “YAŞAT” Fondu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb.
O qeyd edib ki, bu günə qədər Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446,15 AZN məbləğində vəsait xərclənib:
“Belə ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla, ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub”.
Sədr xərclənən vəsaitin istiqamətlərini də açıqlayıb:
“Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 32 477 789,50 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə 458 478,51 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 5 432 716,49 AZN və müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 11 128 461,65 AZN xərclənib”.