Bu gün urbanizasiyada kənddən şəhərə axın bütün əsrlərdə olan statistikanı üstələyib. İnsan orqanizmi yaradılışdan stresə davamlıdır. Əgər əvvəllər insanlar yalnız müharibə zamanı güclü stress keçirirdilərsə, bu gün adi şəhər həyatı müharibədəki stresə bərabərdir. Çünki bu stress bitmir, 1-2-5 il çəkmir, sonu yoxdur, xroniki hala keçir.
ÜST şəhər həyatının, xüsusən iri meqopolis və paytaxtların insan orqanizmini ən tez 12 il ərzində sıradan çıxardığını bildirir.
Medicina.az heç bir zərər vermədiyini düşündüyünüz doğma şəhərinizin sizi zamanla necə öldürməsinin səbəblərini araşdırıb.
- Yollar, avtomobillər, tıxaclar
Gündəlik stres sanki daxıla atılan qəpik kimidir. Yollarda sürücülər digər sürücülərə qəzəblənir, mübahisə edir və bu stress gecəyə kimi bədəndə qalır. Yolda tıxac zamanı keçirilən stress bir tələbənin imtahan öncəsi stresinə bərabərdir.
Eləcə də şəhər içində hər yerə sükan arxasında getmək oturaq həyatı təşfiq edir. Bu da gənc yaşdan damar, ürək, qaraciyər problemi deməkdir. Maşında keçirilən hər 1 saat piylənməni 5% artırır.
Çox yolda olan, tıxaca düşən çox siqaret çəkir, içki içməyə meyillənir, aqressiv olur, yuxusu pis olur.
Gündə 3 saat şəhər yollarında maşın sürmək 10 il ərzində ömrü 2% azaldır.
- İctimai nəqliyyat
Təkcə maşını olanlar yox, piyadalar da neqativ təsirdən uzaq deyil. İctimai nəqliyyatdan – metro, avtobus, elektrik qatarından çox istifadə edənlər ikiqat güclü stresə məruz qalır, psixosomatik xarakterli problemlər baş qaldırır. Xüsusən şəhər nəqliyyatı bərbad işləyən yerlərdə daim gecikmək təhlükəsi gənc nəslin beynini və ürəyini sıradan çıxarır.
basabas, havasızlıq, səs-küy, başqa adamların bədən təması, kobudluğu, nəqliyyatda silkələnmə birinci növbədə ağciyərlər, qalxanvari vəz və sinir sistemini çökdürür.
Eləcə də ictimai nəqliyyatdan asılı piyadaların immuniteti virus və qrip hücumuna daha çox məruz qalır.
- İşdən evə uzun yol
Alimlər hesablayıb ki, bir insanın gündəlik yolu –evdən işə və əksinə nə qədər uzun olarsa, bir o qədər orqanizm zərər görür. Simpatik və parasimpatik sinir sistemi pozulur, insan istirahət edə bilmir, ümumiyyətlə, onun sinir sistemi oyaq və gərgin olur.
Eləcə də yol bu insanların enerjisinin yarısını alır və onların aktivliyi azalır.
- Səs-küy
Şəhər əhalisinin bədəni, qulağı eşidilən səslər və eşidilməyən vibrasiyalara daim məruz qalır. Yəni bu adamlar sakitlik nədir bilmir.
Amerika Milli İnstitutu açıqlayıb ki, bir insan hər gün 85 desibeldən yüksək səsə məruz qalırsa, onun eşitmə, görmə, düşünmə ilə problemləri olur, yüksək təzyiq, ürək xəstəlikləri, yuxusuzluq, depressiya və psixi pozulmalar baş qaldırır.
- Çirkli hava ilə nəfəs
İnsan üçün həyati vacib amil tənəffüsü və aldığı havadır, şəhər mühitində təmiz havadan söhbət gedə bilməz. Avtomagistral yolda 2 saat nəfəs almaq, 1 siqaret çəkməyə bərabərdir. Çox zaman heç siqaret çəkməyən şəhər insanın ağciyərlərinin vəziyyəti siqaret çəkənləeyni olur. Avropa Birliyində bir gün şəhər havasında nəfəsalma 2 siqaretə bərabərdir.
2013-cü ildə 3,6 milyon insanın ölümü məhz atmosfer çirklənməsindən qaynaqlanıb.
Çirkli şəhər havası insult, ağciyər xərçəngi, digər ağciyər xəstəlikləri, zob, ateroskleroz,infarkt xəstəliklərini artırır.
- Şəhərin zibilliyi
Bu gün şəhər zibilxanalarının, xüsusən kimyəvi təhlükəli zibilin düzgün utilizasiyası dünya ölkələrinin həll edə bilmədiyi ciddi problemdir.
Şəhərlərdə zibil miqdarı kəskin artıb, yeni texnologiyalar plasmas, plastik torba, kimyəvi maddələr, məişət tullantılarının havaya zərər vurmadan işlənib yandırılmasını təmin edə bilmir, hələ elə bir sistem yaradılmayıb ki, hansısa şəhərdə zibillər tam yığılsın və insan orqanizminə zərər vermədən məhv edilsin. Düzünə qalsa, zibillə məşğul olmaq heç kimin marağında deyil.
- Darıxdırıcı memarlıq
Şəhərin memarlıq görünüşü də stresin səviyyəsinə təsir edir. Yeknəsək, eyni, darıxdırıcı qutu binalar, dar küçələr, boz rənglər stres hormonu olan kortizolu artırır, serotonini azaldır, ürək-damar xəstəliklərini artırır. Eybəcər və rəngsiz şəhər orda yaşayanların beynində biokimyəvi prosesləri dəyişir. Gözlər eyni mənzərəni görməkdən yorulur,
Eyni emosiyalarda ilişib qalan insanın enerjisi azalır, ona yeni ideyalar gəlmir, heç nə onu sevindirmir. 10 il belə yaşamaq beyni emosional yandırır.
Yazılanlar sizə tanış gəldi. Bütün bunlar digər şəhərlərdəki kimi Bakıda da yaşanır. Ona görə bir gün doğma Bakı sizi ömrünüzü ən yaxşı çağında yarımçıq qoysa, heç də təəccüblənməyin.
Aygün M.
Medicina.az