Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən sürücü bütün tibbi xidmətlərdən imtina edib.
Medicina.az report-a istinadən xəbər verir ki, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Rusiya Federasiyasının (RF) vətəndaşı, Dağıstan Respublikasının Qayakənd rayonunda qeydiyyatda olan,1984-cü il təvəllüdlü Aliyev Artur Aliyeviç vəziyyətinin ağır olmağına baxmayaraq bütün tibbi yardımlardan imtina edib.
Dini təriqətlərdən birinin üzvü olan A.Aliyeviç müalicə və müayinələrdən imtina etməsini inanclı olması ilə izah edib: "Dərdi verən Allah çarəni də verər. Allah bilər, mən bilərəm. Həkim məni niyə müalicə etməlidir ki?! Allah belə istəyib, alnıma yazımı belə yazıb, bu da olub. Bundan kimə nə? Allahın yazısı ölməkdirsə, qoy ölüm" - deyə yaralı sürücü bildirb.
Quba Rayon Mərkəzi Xəstəxanasından "Report"un Şimal bürosuna verilən məlumata görə, yaralı səhərə qədər xəstəxanada problem yaradıb: "Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Rusiya Federasiyası vətəndaşı A.Aliyeviç tibbi ötən gecə səhər qədər heç bir həkimi və tibb işçisini yaxınına buraxmayıb. Xəstəyə dəfələrlə yaxınlaşmaq istəmişik o isə naməlum dildə duaları uca səslə oxuyaraq bizim ona yaxınlaşmağımıza mane olub. Hazırda xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir".
Xatırladaq ki, ötən gün Quba rayonunda RF vətəndaşı Artur Aliyeviç idarə etdiyi yük maşını ilə hərəkətdə olan zaman idarəetməni itirərək qəza törədib. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.