Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Yaralı əsgərlər deyirdilər bizi tez sağaldın yenidən döyüşə gedək”

  • 2020.11.21 14:21
  • 4598 Baxış
“Yaralı əsgərlər deyirdilər bizi tez sağaldın yenidən döyüşə gedək”

“Həmişə ürəyimdə bir hiss var idi ki, Azərbaycan nə vaxtsa torpaqlarını işğaldan azad edəcək. Ona görə də hələ 2010-cu ildə hərbi komissarlığa gedərək adımı yazdırmışdım”.

Bu sözləri Yenisabah.az-a könüllü şəkildə cəbhə bölgəsinə gedən həkim Aynurə Hidayətqızı deyib.

Aynurə xanın Bakıda özəl klinikalarda çalışır. Cəbhə bölgəsinə getməmişdən az əvvəl əməliyyat olunub. Amma əməliyyat olunması onun cəbhə bölgəsinə getmək qərarını dəyişməyib: “Hələ tam sağalmamışdım. Əməliyyat da yüngül deyildi. Amma mən israrla cəbhə bölgəsinə getmək, orada əsgər qardaşlarıma yardım etmək istəyirdim. Bu mənim içimdən gələn bir hiss idi. Mən inanırdım ki, Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Ona görə də bir gün Azərbaycan Ordusunun hərəkətə keçəcəyini gözləyirdim. Bu nə zaman olacağını bilmirdim. Amma bilirdim ki, o gün gələcək və Azərbaycanın üçrəngli bayrağı Qarabağda dalğalanacaq”, - deyə Aynurə Hidayətqızı bildirib.

Həkimin sözlərinə görə, o ilk gündə qaynar nöqtələrdə olub: “Konkret olaraq olduğum yerlərin adını çəkə bilmərəm. Amma qaynar nöqtələrə getmək istəyirdim və bu istəyim baş tutdu. Düşünürdüm ki, orada yaralı əsgərlər varsa, mən də orada olmalıyam. Düşmən gülləsinə tuş gəlmək barədə düşünmürdüm. İçimdə bir hiss var idi ki, nə öləcəm - şəhid olacam demək istəmirəm, çünki şəhidlik ali məqamdır – nə də yaralanacam. Düşündüyüm yalnız yaralı əsgər qardaşlarımın yanında olmaq idi”.

Aynurə Hidayətqızı deyib ki, cəbhə bölgəsində təchizat kifayət qədər idi. “Heç bir problem yox idi. İstər tibbi, istər geyim, istərsə də, qida baxımından təchizat yetərli idi. Həm dövlət təmin edirdi, həm də sıravi insanlar əsgərlərə yardım göndərirdilər. Mən özüm də bir dəfə Bakıya qayıtdım və yardım göndərdim. Sonra yenidən cəbhə bölgəsinə yollandım. Ümumiyyətlə, sizə bir şey deyim, orada adamın yadına yemək, su düşmürdü. Yatmırdıq, amma yuxu da gəlmirdi, yemirdik amma ac da deyildik. Yalnız bir yumruq kimi birləşib torpaqları işğaldan azad etmək barədə düşünürdük. Yaralı əsgərlər var idi ki, deyirdilər bizi tez sağaldın yenidən döyüşə gedək. Mən hətta bu barədə şeir də yazmışam. Orada əsgərlərlə dialoqum həqiqətən olub”, - deyə müsahimiz əlavə edib.

Onun sözlərinə görə, cəbhə bölgəsində olduğu zaman ona təsir edən olaylar da baş verib. Amma Aynurə xanım bu barədə danışmaq istəmir: “Hər şeyi danışmaq olmur. Təbii ki, təsir edən hadisələr olub. Amma nə əsgərlər, nə mən bu barədə danışası deyilik. Bu hərbi sirrdir. Digər tərəfdən, şəhid anaları var, övladlarının yolunu gözləyənlər var. Müharibədə baş verən hər şey barədə danışmaq olmur. Bircə onu deyə bilərəm ki, nə baş verirsə versin bizim əzmimizi, qələbəyə olan inamımızı qıra bilməzdi. Mən orada xalqın birliyini gördüm. Bu mənə çox rahatlıq verirdi. Əksinə indi bura gəlmişəm sıxılıram. Amma orada nə sıxıntı, nə stress var idi”.