"Tibdə həkim xətaları təkcə Azərbaycanda yox, bütün dünyada aktual olan problemdir. Gündəlik fəaliyyətdə rast gəlinən xətalar bir çox səbəblərdən ortaya çıxır”.
Medicina.az xəbər verir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında radioloq, uzman doktor Eldəniz Hüseynov deyib.
Mütəxəssis diaqnostika zamanı yol verilən nöqsanlara daha çox rast gəlindiyini deyib.
Radioloq bildirib ki, bəzi diaqnostik xətaların hər hansı mənfi nəticəsi olmur, bəziləri isə xəstənin həyatında ağır fəsadlar yarada, şikəstliyə, ölümə səbəb ola bilir.
E. Hüseynov deyib ki, diaqnostik səbəblərdən yaranan xətalar deyəndə, ya olmayan xəstəliyi olmuş kimi ortaya çıxarmaq, yəni hiperdiaqnostikaya yol vermək, ya da mövcud xəstəliyi görməmək nəzərdə tutulur: "Bunlar hər biri ağır nəticələrə səbəb olur.
Gecikmiş diaqnozlar isə bəzən ölümə də gətirib çıxarır".
Radioloqun sözlərinə görə, ən çox rast gəlinən xəta növlərindən biri də yanlış dərman istifadəsi, lüzumsuz müalicələrdir. E. Hüseynov tibbi səhvlər deyəndə anesteziya xətalarının, anesteziya prosesində yol verilən yanlışların da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
E. Hüseynov ən çox rast gəlinən diaqnostik xətaların ultrasəs müayinələri ilə bağlı olduğunu açıqlayıb.
O, həmçinin bildirib ki, həkimin təhsil müddəti, təcrübəsi çox olursa, nə qədər böyük mərkəzlərdə çalışırsa, onun edəcəyi xətalar o qədər minimuma enməyə başlayır.
Proqramın digər qonağı - cərrah, uzman doktor Niyazi Eminov isə vurğulayıb ki, tibbi xətalarının yaranması təhsil problemi ilə bağlıdır: "Ən önəmli faktor həkimin aldığı təhsildir. Əgər həkim düzgün təhsil alıbsa, təhsilinin sonunda imtahan veribsə, ona sertifikatlar verilibsə və həmin həkim bu sahədə çalışmaq gücünə sahibdirsə, onun xətaya yol verməsi ehtimalı çox azdır. Həkim uzun illər təhsil almalı, öz üzərində işləməli, daim öyrənməlidir. Bu peşəyə onu sevən insanlar gəlməlidir.
İşimizi səhvsiz görmək istəyiriksə, çalışdığımız xəstəxananı və xəstənin müayinəsində, müalicəsində, cərrahiyyə əməliyyatında bizimlə birgə çalışan həkimləri düzgün seçməliyik. Məsələn, xəstəni müayinə edən radioloqun etdiyi xəta ümumi nəticəyə təsir edir. Anestezioloqun da yüksək peşəkarlığının olması çox önəmlidir. Çünki cərrah nə qədər peşəkar olsa belə, aneszteziyaya bağlı problem ortaya çıxa bilər. Bir sözlə, həkim hiperdiqnostika edib xəstəyə yanlış müalicə təyin etməməli, yanlış əməliyyat aparmamalıdır”.
N. Eminov günümüzdə ən vacib problemlərdən birinin xəstələrə lazımsız tibbi xidmətin göstərilməsi olduğunu vurğulayıb.
Mütəxəssislər gündəlik təcrübədə ən çox rast gəlinən yanlış diaqnozları açıqlayıb, ehtiyac olmadığı halda aparılan cərrahiyyə əməliyyatları haqda danışıb, yanlışların ortaya çıxması səbəblərindən söz açıblar.