Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yağları təkrar istifadə edib qızdırmaq - Orqanizmi zəhərləyir

  • 2021.11.24 14:28
  • 1254 Baxış
Yağları təkrar istifadə edib qızdırmaq -  Orqanizmi zəhərləyir
Bəzən yağlardan dəfələrlə istifadə edilərək qidalar hazırlanır. Bu zaman yağların tərkibi dəyişərək təhlükəli birləşmələrə çevrilə bilir.

Medicina.az xəbər verir ki, dəfələrlə qızdırılan yağlarda hazırlanan qidanın orqanizmdə yaratdığı ciddi fəsadlar barədə elmi araşdırmalar aparılıb.

Araşdırmalar göstərir ki, yağların yüksək temperaturda qızdırılması mutagenlərin əmələ gəlməsinə əhəmiyyətli dərəcədə təsir edir.

Bundan başqa, termal olaraq oksidləşən lipidlər membran makromolekullarının peroksidləşməsini artırır, onların mutagenliyini və genotoksikliyini yüksəldərək müxtəlif xəstəliklərə səbəb ola bilir.

Yağların müxtəlif şəraitdə yüksək temperaturda qızdırılması zamanı fiziki-kimyəvi xüsusiyyətləri dəyişir. Xüsusən də açıq hava şəraitində bir neçə kimyəvi reaksiya baş verir və yağlar degenerasiya olunur, uçucu maddələr, arzuolunmaz monomerlər, polimerlər, izomerlər və sərbəst radikallar yaranır.

Təkrar qızdırılmış yağdan hazırlanmış qidaların mütəmadi istehlakı orqanizmin antioksidant müdafiə sistemini poza bilir və ürək-damar xəstəliklərinin, diabetin də yaranması riskini artırır.

Təkrar istifadə olunan yağların sağlamlığa təsiri uzun müddət tədqiqatçıların diqqətini çəkib. Heyvanlar üzərində aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, oksidləşmiş və qızdırılmış yağlar orqanizm üçün olduqca zərərlidir. Belə ki, bu heyvanlarda həzm sistemi orqanlarının qıcıqlanması, qaraciyər problemləri, böyümənin ləngiməsi, müxtəlif zəhərlənmə simptomları aşkar edilib. Bundan başqa, yüksək temperaturda qızdırılaraq oksidləşmiş yağların kanserogen xüsusiyyətə malik olduğuna dair bəzi göstəricilər də mövcuddur.

Yağların təkrar istifadəsi təkcə bu qidaları qəbul edənlərin yox həm də hazırlayanların da sağlamlığına mənfi təsir göstərir. Belə ki, belə yağda qızardılmış nişastalı qidaların üst hissəsində zəhərli aldehidlər yaranır. Onlar gözün və tənəffüs yollarının selikli qişasını güclü şəkildə qıcıqlandırır, funksiyasını zədələyir. Zəhərli maddələr daxili orqanlarda, xüsusilə də sinir sistemi və qaraciyərdə daha ciddi fəsadlara səbəb olur. Ona görə də bütün zərərli təsirlərdən qorunmaq üçün yağlardan təkrar istifadəyə yol verməmək lazımdır. /aztibb.az/