Keto pəhriz Alzheimer xəstələrində yaddaş itkisini yavaşladır.
Medicina.az xəbər verir ki, bunu ABŞ-ın Kaliforniya Universitetinin alimləri aşkarlayıblar.
Onlar Keto pəhrizin beta-hidroksibutiratın səviyyəsini artırmaqla Alzheimer xəstəliyi olan siçanlarda yaddaş və idrak funksiyasını yaxşılaşdırdığını müəyyən ediblər.
Tədqiqatın nəticələri “Nature Communications Biology” jurnalında dərc olunub.
Keto pəhrizi bədənin metabolizmini əsas yanacaq mənbəyi kimi qlükozadan istifadə edərək yağ yandırmağa və ketonların (qaraciyərin yağdan əmələ gətirdiyi kiçik molekullar) istehsalına keçirən aşağı karbohidratlı, yüksək yağlı qidalanma rejimidir. Çoxsaylı araşdırmalar göstərir ki, belə bir pəhriz effektiv şəkildə arıqlamağa və qanda qlükoza səviyyəsini azaltmağa kömək edir.
Yeni araşdırmada isə tədqiqatçılar keto pəhrizinin beyin sağlamlığına təsirini öyrənməyə çalışıblar. Bunun üçün onlar iki qrup siçan üzərində təcrübə aparıblar. Bir neçə ay ərzində bir qrup gəmirici yüksək yağlı, az karbohidratlı, ikinci qrup isə adi pəhrizlə qidalanıb.
Nəticələr göstərib ki, ketogenik pəhrizə riayət etmək Alzheimer xəstəliyi ilə əlaqəli yaddaş itkisi prosesini yavaşladır. Tədqiqatçılar yüksək yağlı pəhrizin siçanlarda beta-hidroksibutirat səviyyəsini artırdığını bildiriblər.
Bu, sinapsların normal fəaliyyətinin təmin edilməsində iştirak edən bir molekuldur.
Alimlərin fikrincə, tədqiqatda beta-hidroksibutiratın gücləndirilmiş aktivliyi yüngül koqnitiv pozğunluğu aradan qaldırıb.
Tədqiqat müəllifləri keto pəhrizinin oxşar faydalı təsirlərinin insanlar üçün də keçərli ola biləcəyini təklif edirlər. Bu hipotezi təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Aysel