Müasir həyatın qaçılmaz bir parçası olan stress xroniki hal aldıqda bir çox xəstəliyə səbəb olaraq həyati təhlükəyə çevrilə bilir.
Toksik stress hipertoniya, piylənmə, diabet və ürək xəstəlikləri kimi problemlərin gedişatını sürətləndirərək insanı vaxtından əvvəl öldürə bilər. Bütün bu problemlər son 50 ildə qorxulu sürətlə artmaqda davam edir.
Medicina.az xəbər verir ki, öz sahəsinin mütəxəssisi olan psixiatr stresslə mübarizə aparmaq üçün beş təsirli addımı açıqlayıb.
ABŞ-da yaşayan psixiatr Dr. Lauson Vulsin deyir ki, xroniki stress insanların heç vaxt idarə edə bilmədiyi bir vəziyyətdir:
“İbtidai dövrlərdə stresslərimiz qısamüddətli idi. Məsələn, ya aclıqdan, quraqlıqdan, yırtıcı hücumundan sağ çıxırdın, ya da yox. Ancaq müasir həyatda sosial şərait bədənimiz üçün xroniki və toksik stress yaradır.
Amerika Psixoloqlar Assosiasiyasının sifarişi ilə keçirilən illik sorğu müasir dünyanın dörd əsas xroniki stress səbəbini iş, pul, ailə məsuliyyətləri və sağlamlıq kimi müəyyən edib. Belə daimi narahatlıqların yükü davamlı toksik stressə səbəb olur".
O etiraf edir ki, gündəlik həyatın təlaşında stressi idarə etmək imkanları çox vaxt mövcud olmur.
“Lakin elm göstərir ki, toksik stressi azaltmaq və ya daha yaxşı öhdəsindən gəlmək üçün atacağımız addımlar var”, - psixiatr qeyd edib.
O, toksik xroniki stresslə mübarizə üsullarını aşağıdakı kimi sıralayıb:
1. Hər günü aktiv keçirin, hərəkət edin.
2. Məqsəd sahibi olun.
3. Stresslə üzləşin və daha sonra bu barədə çox düşünməməyə çalışın.
4. Ailənizin qayğısına qalın.
5. Bitki əsaslı pəhrizə əməl edin.
Aysel