Ömrünü əsl xoşbəxtliyin nə olduğunu araşdırmağa və anlamağa sərf edən mütəxəssislər bir neçə məsələdə ortaq nöqtədə birləşirlər.
Medicina.az mütəxəssis rəyinə əsasən xoşbəxtliyin 6 düsturunu bölüşür:
Kiçik xoşbəxtlik anlarını qiymətləndirməyi bacarın!
Günəşin şüalarını dərinizdə hiss etdiyiniz, dənizin qoxusuna qərq olduğunuz və ya bir gülü qoxuladığınız zaman əslində xoşbəxtsiniz. Sadəcə bunun fərqinə varmalısınız.
Sadə vərdişləri mənimsəyin!
Həyatınıza daxil etdiyiniz, rutin halına gətirdiyiniz sadə vərdişlər xoşbəxtliyin düsturu ola bilər. Həm fiziki, həm də zehni sağlamlığınıza faydalı bir rutin yarada bilərsiniz. Bu səhərlər 1 stəkan limonlu su içmək də ola bilər, yatmazdan öncə 10 dəqiqə yoqa ilə məşğul olmaq da.
İndiki anda yaşamağın gücünü kəşf edin!
Dünəni dəyişə bilmərik, sabah isə hələ məlum deyil, deməli əlimizdə olan yalnız bu gündür. Keçmişiniz sizi narahat edir? Və ya qarşıda sizi problemli günlər gözləyir? Həll yolu zehninizi bu günə fokuslamaqdan keçir. Bu gün nə edə bilərsiniz? Bütün məsələ budur. Problemlər haqda saatlarla düşünmək sizə heç nə qazandırmayacaq, ancaq bu gün, elə indicə atacağınız kiçik bir addım gələcəyi tamamilə dəyişə bilər.
Həyatda heç nəyin əbədi olmadığını qəbul edin!
Sevgi, sağlamlıq, sərvət, vəzifə, şöhrət – heç biri əbədi deyil. Bu fikir sizi narahat edə bilər. Ancaq nəzərə alın ki, dərd, kədər, xəstəlik, kasıblıq, uğursuzluq da əbədi deyil. Burada bir daha anı yaşamağın vacibliyi məsələsinə qayıdırıq.
Minnətdarlıq etməyi öyrənin!
İşləriniz yolunda getməyəndə avtomatik olaraq əsəbiləşdiyiniz, kədərləndiyiniz, pis düşüncələrə qapıldığınız kimi, hər şey qaydasında olanda minnətdarlıq duymağı da bacarın. Ən kiçik bir müsbət dəyişiklikdə minnətdarlıq hissi ilə dolsanız, həm fiziki, həm mənəvi olaraq sağlam qalacaqsınız.
Rahatlıq axtarışında olmayın!
Heç vaxt daş döşənmiş və ya asfaltlanmış yollardan getməməyə çalışın. Yeni bir cığır açmağın yollarını axtarın. Çünki komfort inkişafın önündəki ən böyük manedir. Hər bir canlı həyatda olduğu müddətcə müəyyən problemlərlə üzləşir. Problemsiz həyat mümkün deyil. Bu reallığı qəbullanın və problemlərdən qaçmağa yox, onları həll etməyə, onları gözə alaraq öz yolunuzda irəliləməyə çalışın. Bu, qısa müddətli çətin dövrlər ömrünüzün uzun bir dövrünü xoşbəxt keçirməyinizlə nəticələnəcək.
Mütləq hobbiləriniz olsun!
Həyatınızın iş-ev, ailə-məişət qayğıları içində keçməsinə imkan verməyin. Mütləq özünüzü yaxşı hiss etdiyiniz bir məşğuliyyətə zaman ayırın. Gündə yarım saat da olsa, hər şeydən qaçıb yalnız hobbinizə fokuslanmaq özünüzə edə biləcəyiniz ən böyük yaxşılıqdır.
Aysel