Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Psixoloqun açıqlamasına kəskin reaksiyalar“Xəyanət ailəni möhkəmləndirir”

  • 2018.12.06 17:08
  • 21403 Baxış
 - Psixoloqun açıqlamasına kəskin reaksiyalar “Xəyanət ailəni möhkəmləndirir”
Son illər cəmiyyətimizdə müzakirə olunan mövzulardan biri də ailədə baş verən xəyanətlərdir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə baş verən boşanma hallarının əksəriyyəti məhz xəyanətə görə olur.


Mental dəyərlərimizi nəzərə alsaq, ölkəmizdə qadınların daha çox xəyanətə uğradıqlarını deyə bilərik. Xəyanətə göz yuman, bütün olanların üstündən xətt çəkib həyatına heç nə olmamış kimi davam edənlər olsa da, bunu bağışlamayanlar çoxdur.


Psixoloq-konsultant Zeynəb Əyyubovanın sözlərinə görə, xəyanət əsrin ən böyük bəlalarından biridir. O həmçinin bildirib ki, xəyanət bəzən ailəni möhkəmləndirir: "Xəyanət bəzən illərlə monotonlaşmış bir ailəyə vurulmuş şillə kimi olur. İllərin yorğunu olan ailələrə xəyanətdən sonra bəzən həyəcan, ehtiras, sevgi, diqqət qayıdır. İtirmə qorxusu yarandığından biri-birlərinə daha çox sahib çıxırlar. Bəzən əvəzolunmaz olduğunu hiss edən insan gözləmədiyi anda xəyanətlə üzləşir. Və bu silkələnmə nəticəsində qadın sanki yenidən özünə qayıdır. Qadın özünə baxır, diqqət göstərir, diyetə başlayır. İllərlə yaşamadığı və ya yaşatmadığı ehtiras hissini ailəyə qaytarır.


"Psixoloji terminlə desək, bəzən xəyanət bir çox problemləri korreksiya edir. Və sonda iki tərəf özlərinə uyğun səhvlərə görə peşman olurlar”.


Medicina.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini "Şərq”lə bölüşən ekspertlər psixoloqun dedikləri ilə razı deyillər.


Psixoloq Narınc Rüstəmova bildirib ki, ümumi statistikaya əsasən, evlilik dönəmində cütlüklər ən azı 1 dəfə xəyanətlə üzləşirlər:


"Əlbəttə, xəyanətə görə ailələrin dağılmasının, boşanma hallarının tərəfdarı deyilik. Yaxşı olardı ki, xəyanətlə qarşılaşan şəxs əvvəlcə baş verənləri aydınlaşdırsın. Cütlüklər bilməlidirlər ki, xəyanət heç vaxt birtərəfli olmur. Xəyanətə gətirən səbəblər var ki, bunlar kiçik söz-söhbətlərdir. Xırda konfliktlər yığılır, tərəflər arasında soyuqluq yaranır və tərəflərdən biri başqası ilə danışmağa, görüşməyə ehtiyac duyur. Belə situasiyalarda cütlüklərdən birinin "bütün olanları bağışlayıram və hər şeyi arxada qoyuram” deməsi heç də asan deyil. Xəyanət xüsusən də qadınlar üçün çox ağırdır və münasibəti möhkəmləndirmək yerinə daha çox zədələyir”.


Tərəflərin xəyanətlə üzləşməmələri üçün ailə institutunun yaradılmasının əsas olduğunu deyən psixoloq vurğulayıb ki, evlilikdə tərəflərin biri-birini tanıması, çox bezdirməməsi, biri-birinə sevgi, qayğı göstərməsi olduqca vacibdir: 


"Xəyanət heç bir zaman münasibəti gücləndirmir. Ola bilər ki, qısqanclıq zəminində məhəbbət daha çox alovlanır. Ya da cütlüklər bir-biri ilə mübahisə edəndən sonra böyük məhəbbət bəsləyirlər. Davamlı xəyanət edən cütlüklərdə bu hallara çox rast gəlirik. Xəyanət sonrası kişi qadına daha çox məhəbbət göstərir və onu itirmə qorxusu yaşayır. Bəzən bu hal qadının xoşuna gəlir. Amma təbii ki, bu, anormal bir münasibətdir. Belə olduqda uşaqlar da psixoloji zədə alır, evdə konfliktlər yaranır, ailə təməlinin düzgün qurulmasına imkan olmur. Uşaq eyni davranışı gələcəkdə quracağı ailəsində tətbiq edir. Ona görə də xəyanətlə üzləşəndə tərəflər bu halı mütləq öz aralarında həll etməyə çalışmalıdırlar. Özlərinə sual verməlidirlər ki, "niyə xəyanət baş verdi?”, "nələrdən sonra aramızda soyuqluq yarandı?”, "nəyimdən narazıdır?”. Hətta belə bir düşüncə var ki, "qadınlar kişilərin həyatında sonuncu, kişilər isə qadınların həyatında ilk olmaq istəyirlər”. 


Qadın həmişə xəyanətə uğrayanda "mənim nəyim əskikdir ki, belə hadisə başıma gəldi?” deyə düşünür. Kişilər isə xəyanətlə üzləşəndə düşünür ki, "mən necə axmaq olmuşam ki, aldadılmışam”. Belə situasiyalarda kişilər özlərində qüsur axtarmırlar, daha çox aldadıldıqlarına görə məyus olurlar. Amma qadınlar hər zaman özlərində qüsur axtarırlar. Daha çox makiyaj etməyə, özlərinə fikir verməyə başlayırlar və bu hadisəni sanki bir yarış olaraq düşünürlər. Çalışırlar ki, yemək yeməsinlər və formada qalsınlar. Bəzən görürük ki, kişi hansı qadınla həyat yoldaşına xəyanət edirsə, o qadın heç də gözəl olmur. Kişiləri ovsunlayan əsas cəhət qadının şirin dilidir. Xəyanətlə bağlı bizə müraciətlər çox olur. Araşdıran zaman görürük ki, xırda söz-söhbətlər xəyanətə səbəbdir. Məsələn, kişi gedir marketə və yaxşı pomidor almır. Həmin an qadın deyinməyə başlayır ki, "Sən yaxşı pomidor seçməmisən. Mən daha yaxşı pomidor alardım”. Bu zaman kişi rəğbət görmür. Halbuki kişilər hər zaman güclü olduqlarını hiss etmək istəyirlər. Belə olduqda başqa qadının şirin dilinə aldanırlar. Təbii ki, həmin qadın kişinin həyat yoldaşı olmadığı üçün kişinin özgüvənini qaldırır, ona şirin sözlər deyir, gülərüz olur. Qadınlar çalışmalıdırlar ki, dillərini şirin etsinlər, həyat yoldaşlarına özgüvən versinlər, onların qayğısına qalsınlar. Əgər qadın bunları edə bilirsə, inanın ki, gözəllik boşdur. Hətta çox kilosu olan bir xanım kimi deyirəm ki, əgər münasibətlər sağlamdırsa, qadının dili şirindirsə, kişinin qayğısına qalırsa, xəyanətlə üzləşməyəcək. Üzləşəndə isə bunun öhdəsindən çox yaxşı gələcək”.


N.Rüstəmova bildirib ki, adətən evliliyin 1-ci və 7-ci ilində xəyanət baş verə bilər: "İlk illərdə cütlüklər biri-birini yaxşı tanımadıqları üçün xəyanət edirlər. 7-ci ildə isə sanki bezmə dönəmidir. Yəni artıq cütlüklər yorulduqlarını düşünürlər. Kişilərin 40, qadınların isə 30 yaş sindromu var ki, bu dönəmlərdə cütlüklər xəyanətə daha çox meyilli olurlar”.


"Xəyanət etməyən kişi yoxdur” düşüncəsinin tamamilə yanlış olduğunu deyən psixoloq bildirib ki, sadəcə xəyanətə meyilli olan və olmayan insanlar var: "Kişi bir qadına dərin hisslərlə bağlanırsa, onunla da münasibətini sona kimi davam etdirir. Risk faktoru yüksək və aşağı olan kişilər var. Amma bu, o demək deyil ki, bütün kişilər xəyanət edirlər. "Kişilərin hamısı xəyanət edir” deyə düşünən insanlar bu duyğunu bilirlər deyə, elə düşünürlər ki, hər kəs bu hissi yaşayır. Məsələn, bu gün əhvalı pisdirsə, həmin insan çölə baxanda hər yerdə bədbinlik görəcək. Belə şəxslər geyindiyi paltonun düyməsini bağlayanda belə əsəbləşəcək ki, "niyə yaxşı bağlanmır?”. Xəyanət etmək insanın xarakterindən, şəxsiyyətindən asılıdır”.


Sosioloq Lalə Mehralı da xəyanətin ailəni möhkəmləndirməsi fikri ilə razılaşmadığını deyib: "Psixoloq bunu nəyə və hansı statistik məlumatlara əsasən deyir bilmirəm, amma onun fikirləri mənə olduqca təəccüblü gəldi. O nə deməkdir ki, xəyanətə uğrayan ailə möhkəm olur. Məntiqlə bu fikir arasında heç bir bağlantı qura bilmirəm.


Qadınlar adətən deyirlər ki, "xəyanəti dadmayan qadın yoxdur”. Bəzən insan belə fikirləri eşidəndə çox təəccüblənir ki, bir qadın dünyadakı bütün kişiləri tanıyırmı və bütün ailələr haqqında necə qərar verə bilir? Ola bilsin ki, belə qadınlarda xəyanətə uğradıqları üçün bir aqressiya var, özlərinə xəyanət olunub deyə hamını o cür görmək istəyirlər. Lakin qadınların həmcinslərinə bəslədikləri bu aqressiya heç də düzgün deyil”.


Sosioloq bildirib ki, əgər bir ailənin bünövrəsində zəiflik varsa, xəyanət olsa da, olmasa da, bütün hallarda o ailədə möhkəmlik müşahidə olunmayacaq:


"Xəyanət olunan ailənin möhkəmliyindən söhbət gedə bilməz. Düşünürəm ki, bəlkə psixoloq bunu xəyanət edən kişilərin öz ailəsinə qayıtması baxımından deyir. Necə ki, kişi xəyanət edir, həyatında bir neçə qadın olur və sonda ən yaxşı seçimin həyat yoldaşı olduğu qənaətinə gəlir”.