"Epidemioloji vəziyyət pisləşdikcə, yoluxma sürəti artdıqca və stasionarda yer olmadıqca, karantin qaydaları sərtləşə bilər. Çünki epidemioloji vəziyyət nə qədər pis olsa, karantin qaydaları o qədər sərt olacaq. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələbidir".
Medicina.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O əlavə edib ki, ölkədə koronavirusa yoluxmuş aktiv xəstələrin sayı göstəriləndən çoxdur:
"Müəyyən məlumatlara görə, bizim respublikada koronavirus xəstələri üçün 40 min çarpayı yerimiz var. Bəzi xəstəxanalar bir müddət bu statusdan ayrıldı. Çünki onların da öz problemləri var. Misal üçün bəzi klinikalarda tədris gedir.
Aktiv xəstələrin sayının 31 mindən çox olmasını nəzərə alsaq, bu, artıq dirənmiş rəqəmdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, xəstəxanalara çox ağır xəstələr müraciət edir. Bunların əksəriyyəti reanimasion qulluq və intensiv terapiya tələb edir. Çətinlik bundan ibarətdir. Məsələ təkcə xəstə ilə yekunlaşmır. Biz koronavirus müddətində xeyli həkimlərimizi də itirmişik.
Buna görə vəziyyət pisləşərsə, karantin sərtləşdirilə, müvafiq lokdaunlar qəbul edilə bilər. Bunu da qeyd etmək lazımdır ki, hazırda 31 min say xəstəxanaya rəsmi müraciət edənlərdir. Bu rəqəmdən 5 dəfə çox insan da heç yerə müraciət etmədən evdə müalicə alır. Ambulator müalicə alanların sayı stasionarda yatanlardan çoxdur. Hamı bilir ki, xəstəxanaya düşmək çətindir və məcbur şəkildə evdə müalicə alırlar.
Aktiv xəstə sayı çoxdur. Bu gün koronaviruslu xəstələr küçədə gəzirlər. Küçədə gəzən 10 nəfəri yoxlasaq, ikisində virus çıxacaq.
İstənilən halda vəziyyəti tənzimləməyə çalışmaq lazımdır: Ölkəmizdə hazırda vaksinasiya prosesi gedir və bütün bunlar kollektiv immunitetə gedən yolu xeyli qısaldır. Vaksinasiya prosesi intensiv və fəal şəkildə aparılsa, ciddi sərtləşdirmələr və lokdaunlara ehtiyac qalmayacaq".