Azərbaycanda 563 xəstəxana və 44 min çarpayı vardır. Koronavirusa yoluxub xəstəxanada müalicə alanların sayı isə 8031 nəfərdir. Bəs onda niyə xəstəxanalarda yer çatışmır?
Medicina.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, açıqlanan rəsmi məlumatlarda bu günə qədər 8031 nəfər koronavirusa yoluxanların 30 ixtisaslaşdırlmış xəstəxanada müalicə olunduğu bildirilir.
O qeyd edib ki, rəsmi statistikaya görə, 2003-cü ildə 738 xəstəxana fəaliyyət göstərib.
İndi isə mövcud 563 xəstəxana ilə yanaşı, son 3 ayda əlavə olaraq 5 modul tipli xəstəxana tikilib və orda da 500 çarpayı yerləşdirilib.
İqtisadçı deyir ki, ölkə üzrə xəstəxanalarda olan 44 min çarpayı koronavirus infeksiyasına yoluxub hazırda müalicə alanların sayından 5 dəfə çoxdur:
"Onda narahatçılıq nədədir? Məsələ burasındadır ki, xəstəxanaların sayı kimi çarpayıların da sayı şişirdilib. Çünki xəstəxanalara ayrılan vəsaitlər çarpayı sayına görə hesablanır. Odur ki, xəstəxanalar da çarpayıların sayını şişirdir ki, büdcədən daha çox vəsait ayrılsın. Büdcədən ayrılan vəsaitə gəlincə, ötən il səhiyyə xərcləri 873,6 milyon manat olub, bu il üçün isə büdcədən səhiyyəyə 1 milyard 369 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Kəskin artım icbari sığortanın bu il gözlənilən tətbiqi ilə əlaqədar idi.
Deməli xəstəxana da var, pul da var, bəs onda çatışmayan nədir? Deyirlər ki, həkimlər və tibbi bacıları azdır. Rəsmi statistikaya inansaq, 2020-ci il ilin yanvarın 1-ə ölkədə 32,5 min həkim və 37630 nəfər tibbi vardır. Tibbi bacıları da daxil olmaqla səhiyyə işçilərinin sayı (həkimlərsiz) 54048 nəfərdir. Deməli, həkimlərin və səhiyyə işçilərinin sayı da yetərlidir. Bəs onda problem nədədir?
Göründüyü kimi, resurlsarın idarəedilməsində və səhiyyə sistemində mövcud olan korrupsiyada. Buna məsul olan səhiyyə nazirinin görünür ki, başı başqa şeylərə qarışıbdır".