İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir ay müddətində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət xəstəxanalarının siyahısını hazırlayıb təqdim etməlidir.
Medicina.az-ın məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin siyahısı barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işlərinin aparılması, icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar digər zəruri tədbirlərin görülməsi məqsədi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsinin sədrliyi ilə Maliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiyası ilə bağlı təkliflərini isə 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.