“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Fövzi Tahirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakupost.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən F.Tahirov təkrar rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, rəsmi məlumata görə, Fövzi Tahirov qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2019-2020-ci illər ərzində xəstələrin sənədlərinin əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti qurumlara göndərilməsi müqabilində hər bir şəxs üçün 500-2000 manat olmaqla ümumilikdə 24 şəxsdən 28 min 400 manat məbləğində pul vəsaitini xidməti otağında rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı Fövzi Tahirovun rəhbərlik etdiyi tibb müəssisəsinə işə qəbul olunmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin qeyd olunan xəstəxanada işlə təmin olunması müqabilində 3 min manat pul vəsaitini xidməti otağında təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.