“Koronavirusa yoluxmuşdum. Birinci gün nasaz hiss etdim, təcili yardıma zəng vurdum. Evə gəlib test götürdülər, cavab pozitiv çıxdı. 14 gün evdə müalicə aldım. 5-6 gün hərarətim var idi, 39-a qədər yüksəlirdi. Antibiotik içmədim, ancaq vitamin qəbul edirdim”.
Medicina.az xəbər verir ki, bu sözləri koronavirusdan yeni sağalan aparıcı Tural Əsədov deyib.
O, aparıcısı olduğu “Səhər Mərkəzi”nin efirinə çıxaraq Səhiyyə Nazirliyinin fəaliyyətindən şikayətlənərək sahə həkimləri ilə yaşadığı problemdən danışıb:
“Səhiyyə Nazirliyi evdə müalicə alanlar üçün xüsusi dərman dəsti göndərməlidir. Amma sahə həkimi bunu mənə demədi. Siz də tələb edin. Dərmanlar barədə araşdırın. Dünən zəng vurub bu barədə soruşdum. Mənə dedi ki, dərman dəsti imtiyazlı ailələr üçündür.
Mənə maraqlıdır, həkim telefondan mənim imtiyazlı olduğumu necə anladı? Xəstəsizsə, həkiminizdən dərmanları tələb edin. Həmin dərmanların qiyməti 60-90 manatdır. Haqqınızı tələb edin. Daha sonra vəziyyət modul tipli xəstəxanalarda pulla yer almağa qədər gəlib çıxır”.